14 Fevral 2015 12:39

Müsavat Partiyasında baş verən hadisələrin mahiyyəti tədricən aydınlaşır. Açıq görünür ki, partiyanın son qurultayında başqan dəyişsə də, əslində, Müsavatın idarəçiliyi yenə də İsa Qəmbərin əlindədir.

Bunu adının çəkilməsini istəməyən Müsavat Partiyasının üzvü deyib. Onun sözlərindən bəlli olub ki, təşkilatda baş verən bütün addımların başında İsa Qəmbərin qərarı və iradəsi durur.

Müsavat niyə dialoqa getməyib?

Hazırda müzakirə edilən əsas məsələlərdən biri Müsavatın fevralın 12-də keçirilən siyasi partiyaların görüşünə qatılmamasıdır. Buna səbəb kimi daha çox indiki başqan Arif Hacılı göstərilir.

Əldə etdiyimiz dəqiq məlumata görə isə, Hacılı bu prosesdə iştirak etmək istəyib, lakin ona bu imkanı İsa Qəmbər verməyib. Partiyada görüşdə iştirak etməklə bağlı dəvət müzakirə edilən zaman indiki başqan bildirib ki, əgər ümumi razılıq əldə olunarsa, özü dialoqa qatıla, partiyanın mövqeyini ifadə edə bilər. Həmçinin dialoqda hansı məsələlərin müzakirə edilməsinin vacibliyi haqqında danışa, təklif irəli sürə bilər.

Mənbə vurğulayıb ki, İsa Qəmbər bunun əleyhinə olub. Bildirib ki, yalnız dialoqun mövzusu öncədən bəlli olduğu təqdirdə orada iştirak haqqında düşünmək olar. Mənbənin sözlərinə görə, bu haqda müzakirə çox dar çərçivədə aparılıb və hələ də rəhbərlikdə olanların bir çoxunun informasiyası yoxdur.

“Qubad İbadoğlunu İsa Qəmbər çıxarıb”

Mənbə qeyd edib ki, Qubad İbadoğlunun partiyadan çıxarılması haqda qərar da İsa Qəmbərin özündən gəlib. Söhbət ondan gedir ki, Arif Hacılı və komandası riskə gedərək İbadoğlunu partiyadan çıxarmaq istəməyib. Çünki Qubad İbadoğlunun partiyada kifayət qədər tərəfdarı olub, üstəlik də son proseslərdən incik qalan bitərəflər də ona meyli etməyə başlayıb. Məhz bu səbəbdən Arif Hacılı qarşı tərəflə mediada atışsa da, realda ona qarşı konkret addımlar atmaqdan ehtiyat edib. Bu ehtiyatlılıq İsa Qəmbərin prosesə müdaxilə etməsinə qədər davam edib. Belə ki, İsa Qəmbər açıq hədəf gələndən sonra İbadoğlunun məsələsi Müsavatın gerçək başqanının kabinetində müzakirəyə çıxarılıb. Elə oradaca qərar verilib ki, İbadoğlu partiyadan çıxarılsın.

Həmçinin deyilib ki, İbadoğlu İsa Qəmbərin Müsavat Partiyasında apardığı işə, xüsusilə demokratik qurultay və şəffaf seçkilər məsələsinə elə ləkə vurub ki, bunu silmək heç vaxt asan olmayacaq. Odur ki, sonda bu şəxsdən uzaq durmaq qərarına gəlinib. Qubad İbadoğlunun partiyadan xaric edilməsi üçün Divanın müzakirəsi başlayandan başa çatana qədər İsa Qəmbər də partiyadakı kabinetində əyləşərək nəticəni gözləyib.

Mənbə qeyd edib ki, hazırda İsa Qəmbərin partiyada kifayət qədər nüfuzu var. Qubad İbadoğlunun İsa Qəmbəri hədəfə almasından sonra partiyada bir sıra tərəfdarı da bundan xoşlanmayıb. Səbəb odur ki, Müsavatda İsa Qəmbər stereotipi davam edir.

“Vurğun Əyyubu partiyadan çıxarmayacaqlar, amma...”

Digər xəbər isə Vurğun Əyyubla bağlıdır. Çoxları gözləyir ki, Müsavat Divanı növbəti addım olaraq Vurğun Əyyubu partiyadan kənarlaşdıracaq. Mənbə isə deyir ki, Müsavat strukturları Əyyubla bağlı belə bir qərar verməyəcəklər. Çünki Əyyub uzun illər Müsavatın rəhbərliyində təmsil olunub. Hazırda İsa Qəmbərin mövqeyi belədir ki, əgər V.Əyyub partiyanı bəyənmirsə, özü istefa versin.

İbadoğlu növbədənkənar qurultaya hazırlaşır

Bu arada qeyd edək ki, narazılar İsa Qəmbərə məğlub olmaq niyyətində deyillər. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin rəhbəri Qubad İbadoğlunun Vaşinqton səfəri davam edir. Səfər çərçivəsində o, bir sıra görüşlər keçirib, müzakirələrə qatılıb.

Q.İbadoğlu bildirib ki, indi Müsavat Partiyasında azadlıqlara dəyər verilmədiyinə görə, təşəbbüslər sistemli şəkildə boğulur. Onun sözlərinə görə, son zamanlar partiya üzvlərinin hüquqlarına və Nizamnaməyə zidd addımlar daha da genişləndiyindən yaxın dövrdə əsas mübarizə müsavatçıların hüquqlarının müdafiəsinə yönəlib: “Bu mərhələni bitirdikdən, partiyadaxili repressiyaları dayandırdıqdan sonra növbədənkənar qurultay çağırışları yenidən gündəmə gələcək”.

Fevralın sonunda isə ADR Hərəkatının təsis konfransı keçiriləcək. Müsavat Partiyasının uzağı minə yaxın aktiv üzvü var. Əgər bunun 500-nü narazılar öz tərəfinə çəkə bilsə, vəziyyət bir qədər dəyişəcək.

CAVİDAN


Müəllif: