5 Mart 2015 19:32
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ABŞ səfirinə Cənubi Koreyada edilmiş hücumu "Amerika militaristlərinin ədalətlə cəzalandırılması" adlandırıb. Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Koreya Mərkəzi teleqraf agentliyinin məlumatında hadisə "ədalət bıçaqlanma" kimi qiymətləndirilib.

Seulda işgüzar nahara yollanan ABŞ-ın Cənubi Koreya səfiri Mark Lippert ülgüclə silahlanmış kişi tərəfindən hücuma məruz qalıb. Hadisə yerindən alınan şəkillərdən diplomatın üzü və sol əlinin qan içində olduğu görünür.

Dərhal hücumdan sonra Lipperti xəstəxanaya aparıblar, onun həyatına təhlükə yoxdur, amerika Dövlət Departamenti bəyan edib. Hücum edən 55 yaşlı kişi cinayət yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hücum etməzdən qabaq o: “Şimali və Cənubi Koreyalar gərək birləşsinlər!” – səsləyib. O həmçinin hazırda ABŞ-la Cənubi Koreyanın keçirdikləri birgə illik hərbi məşqlərlə bağlı narazılıq bildirib.

Şimali Koreya 200 mindən artıq hərbçinin cəlb olunduğu təlimləri müdaxiləyə hazırlaşma adlandırır və cavab tədbirlər vəd edir. Lakin BBC-nin Seul müxbiri Stephen Evansın sözlərinə görə, hücum edənin Şimali Koreya agenti olduğuna işarə edən heç bir məlumat yoxdur. Evansın sözlərinə görə, Cənubi Koreya sakinlərinin bir çoxu hesab edir ki, yarımadada Amerikanın hərbi iştirakı iki Koreyanın birləşməsinə mane olur. Bu, hücum edən şəxsin xarici diplomatik işçilərinə ilk hücumu deyil. 2010-cu ildə o, Cənubi Koreyada Yaponiya səfirinin üstünə beton parçasını atıb.

Prezident Barak Obama səfir Lippertə zəng edib və tez sağalmağı arzu edib. ABŞ Dövlət Departamenti isə zorakılıq aktı qəti surətdə pisləyib. Mark Lippert daha əvvəl müdafiə nazirin köməkçisi olub, Koreya səfiri vəzifəsinə 2014-cü ildə təyin olunub.

Ayxan


Müəllif: