21 May 2014 16:44
622

"Partiyamızın qurultayını gələn ilin mayında keçirəcəyik”

REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlının Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Azər bəy, REAL-ın partiyalaşması istiqamətində hazırda hansı işlər aparılır?
- Artıq gələcək Respublikaçı Alternativ Partiyasının nizamnamə və proqram layihələri hazırdır. Partiyanın təsis yığıncağına hazırlıq işləri həyata keçirilir. Hər gün görüşlər keçiririk, yeni üzvlərin təşəbbüs qrupuna üzv olması ilə bağlı görüşlərimiz, rayonlara səfərlərimiz olur. Mayın sonu geniş toplantı keçirib gələcək partiyanın təşəbbüs qrupunu təsis edəcəyik. Orada həm proqram, həm də nizamnamə layihələri qəbul olunacaq, sonra da müzakirələrə açıq olacaq. Partiyanın ilk qurultayını gələn ilin mayında keçirəcəyik.

- Niyə bu qədər gec?
- Biz ciddi partiya qurmağı hədəfləmişik. Hakimiyyətin alternativini qurmağa çalışırıq. Hər bir bölgədə, kənddə yerli təşkilatlarımız, üzvlərimiz olacaq. İctimaiyyətdə tanınan, seçkilərdə iştirak edə biləcək partiya qurmağı düşünürük. Bu prosesi həyata keçirmək vaxt alacaq. 2015-ci ilin ilk 3 ayında partiyanın təsis qurultayını keçirmək üçün hazırlığa başlayacağıq.

- Bəs builki bələdiyyə seçkilərinə qatılmağı düşünürsünüz? Bəyan etmişdiniz ki, 2 pilot şəhər seçiləcək?
- Hazırda REAL hesab edir ki, bələdiyyə seçkilərində məhz gənclər iştirak etsin. İstəyirik ki, namizədlərimiz gənclər olsun. Artıq bir neçə gənc Hərəkata müraciət edib. Onlar bələdiyyə seçkilərində REAL-ın namizədi kimi iştirak etmək istəyirlər.

- Partiya sədri postuna namizədiniz İlqar Məmmədov olacaq?
- Sədrin kim olması haqqında bu gün bir fikir söyləmək yersizdir. Bu barədə irəlidə partiyanın sədrini seçəcək qurumlar qərar verəcək. Aydın məsələdir ki, İlqar Məmmədovun həm REAL-ın daxilində çox ciddi nüfuzu var, həm də o, tanınmış siyasətçidir. Hesab edirəm ki, İlqar Məmmədov namizədlərdən biri olacaq və onun seçilmə şansını da çox yüksək qiymətləndirirəm. Yenə də demək istərdim ki, sədrin kimliyi yaranacaq partiyanın üzvlərinin seçimindən asılı olacaq.

- Erkin Qədirli 3 ay müddətinə Məclis başqanlığından çıxarılıb. Onun geri qaytarılması mümkündürmü?
- Erkin Qədirli 3 ay müddətinə çıxarılmayıb. O, ümumiyyətlə Məclis başqanlığından çıxarılıb. Bir məsələni də qeyd edim ki, partiyalaşma ilə əlaqədar Hərəkatın bundan sonra Məclis başqanı olmayacaq. Çünki 1 ildən sonra partiya yaranacaq və onun yeni qurumları olacaq. Daha əvvəl elan etmişdik ki, partiya yaranandan sonra REAL Hərəkatının fəaliyyətinə xitam veriləcək. Ona görə də Məclisə yeni başqan seçilməsi məqsədəuyğun deyil. Sözün açığı, buna ehtiyac görmürük.

- Yeni partiyanızda hansı qurumlar nəzərdə tutulub? Respublikaçı Alternativ Partiyasının başqalarından nə fərqi olacaq?
- Bizim nizamnaməmizdə nəzərdə tutduğumuz partiya strukturu Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatların klassik partiya strukturundan ciddi şəkildə fərqlənəcək. Ciddi fərqlər və çox yeniliklər olacaq.

- Bu yeniliklərdən sadalaya bilərsiniz?

- İlk yeniliyimiz ondan ibarətdir ki, Azərbaycandakı klassik siyasi partiyalarda ilk təşkilatlar özəklərdir, ondan sonra rayon təşkilatlardır. Bizsə ilkin təşkilatlanmanı rayonlar üzərində deyil, məhz seçki dairələri üzərində həyata keçirəcəyik. Yəni, hər seçki dairəsində yerli təşkilat yaranacaq, adı da “dairə təşkilatı” olacaq. Azərbaycanda 125 seçki dairəsi var və bu sayda da dairə təşkilatımız olacaq. Bunu niyə edirik? Çünki hər bir siyasi təşkilatın əsas işi seçkilərdə iştirak etməkdir. Biz partiyanın bünövrəsini elə qoymağa çalışırıq ki, partiya bütün fəaliyyətini seçkilərdə iştiraka tuşlasın. Bundan başqa Azərbaycanı şərti olaraq 20 bölgəyə bölmüşük. Bu da yenilikdir. Hər bölgədə Məclis yaranacaq. Onlar “El məclisi” adlanacaq. Hər El məclisinə ortalama 4-5 seçki dairəsində formalaşan dairə təşkilatları daxil olacaq. Bu, irəlidəki fəaliyyətimizi daha effektiv edəcək. Maliyyə resurslarımızı daha doğru xərcləməyə imkan verəcək. Üçüncü yenilik isə qurultayımızın El məclislərinin toplantısı olmasıdır. Digər partiyalardakı kimi özəklərdə hansısa səsvermənin keçirilməsi və onun nəticəsi olaraq qurultaya nümayəndələrin seçilməsi praktikasından imtina edirik. Biz qurultaya məhz El məclislərinin toplantısı kimi baxırıq. Çox önəmli fərq isə bu olacaq ki, bizdə qurultaydan sədr çıxmayacaq. Sədr bilavasitə partiya məclisi tərəfindən seçiləcək. Yəni, qurultay partiya Məclisini müəyyənləşdirəcək, Məclis də öz növbəsində sədri seçəcək. Müəyyən mənada Parlamentli Respublikanın partiya üzərində qurulmuş bir modelidir.

- Məclisdə nə qədər adam təmsil olunacaq?
- Məclisdə 60 nəfər olacaq. Onlardan 20-si birbaşa el məclislərinin sədrləri olacaq. 40-ı isə sərbəst olaraq qurultay tərəfindən seçiləcək.

- Bəs hazırda REAL Hərəkatının nə qədər üzvü var?
- 1000-dən çox üzvümüz var. Hazırda bu üzvlərlə görüşlər keçiririk. Hərəkat üzvlərinə müraciət edib təklif edirik ki, partiya qururuq, partiyaya üzv olsunlar. Bir var vətəndaş hərəkatına üzv olasan, bir də var ki, tamamilə siyasi quruma üzv olmaq. Hər halda bu prosesi keçməkdəyik.

- Bəs özünüzü hansı strukturun rəhbərliyində görürsünüz?
- Özüm barədə bir fikir söyləmək təvazökarlıqdan uzaq olar. Ola bilsin ki, mənim namizədliyim hansısa orqanlarda rəhbər vəzifəsinə təklif olunar. Bu barədə indidən demək çətindir. Vəziyyətə uyğun düşünüb fikirimizi də söyləyə bilərik. İrəlidə partiya üzvləri buna qərar verəcək.

- Sədr müavini postu nəzərdə tutulacaq?
- Bizdə sədr müavinliyi institutu olmayacaq. Hər halda nizamnamədə belə bir vəzifə yoxdur. Partiya Məclis sədrini, o cümlədən İdarə Heyətini seçəcək, İdarə Heyəti də partiya sədrinin təqdimatı əsasında partiya katiblərini, yəni danışmanlarını müəyyən edəcək. Onların sayı da hələ bəlli deyil. Bizdə müavin deyil, katiblər olacaq.

Nərgiz


Müəllif: