18 Aprel 2014 11:21
645

"46 milyon əhalisi olan Ukrayna Krımı bir güllə belə atmadan təhvil verdi"

"Ukraynada hadisələrin indiki məcraya çatması Maydanda baş verən proseslərlə birbaşa bağlıdır. O zaman xalq inqilabını həyata keçirənlər indiki durumu nəzərə almalı idilər. Çünki adi vətəndaşlardan fərqli olaraq onlar milli həyata və taleyə görə, məsuliyyət daşıyırlar. Təəssüf ki, küçədən hakimiyyətə gəlməyin çox ağır nəticələri oldu və indi bütövlükdə 46 milyonluq Ukrayna xalqı bu hesabı ödəməkdir".

Bunu Teleqraf.com-a Ukraynadakı böhranı şərh edərkən Milli Məclisin deputatı Zahid Oruc bildirib.

O, Qərbin Rusiyaya qarşı tutarlı cavab verməkdə aciz olduğunu qeyd edib. Onun sözlərinə görə, nə BMT, nə ATƏT, nə də Avropa Şurası kimi beynəlxalq qurumların bu prosesləri tənzimləməyə gücü çatmır: “Hazırda Ukyanaya sahiblənmək uğrunda beynəlxalq savaş gedir. Bir çox ekspertlər qeyd edirlər ki, hazırki böhran yeni beynəlxalq sistemlərin bərqərar olmasına qədər davam edəcək. Dünya Putinin addımlarına qarşı real addımlar atmır. Qərb Rusiyaya qarşı koalisiya formalaşdıra bilmir. Onların viza ilə bağlı simvolik sanksiyaları isə Rusiya üçün heç bir iqtisadi-siyasi nəticə doğurmur. NATO isə Ukrayna ilə bağlı rəsmi Moskva ilə savaş aparmır. Düzdür, ABŞ güclü dövlətdir, amma onun Rusiya ilə hərbi münaqişəyə başlayacağı o qədər də real deyil. Nəticədə bütün bu bəlaları Ukrayna xalqı yaşayır”.


Milli Məclis üzvünün sözlərinə görə, Ukraynanın hazırki hakimiyyəti özünün son dərəcə səriştəsiz, avantürist və bir sıra hallarda separatçı qərarları ilə Ukraynadakı böhranı bir az da dərinləşdirəcək: “Bu şəxslər 1992-ci ildə Azərbaycanda olan cəbhə hakimiyyətinə çox bənzəyir. Öz platforması, düşüncə tərzinə görə, “Sağ sektor” hərəkatının rəhbəri Dmitri Yaroş İsgəndər Həmidova, Ukraynanın prezidenti Turçinov və Baş nazir Yatsenyuk isə İsa Qəmbərə oxşayır. Onlar arasında yeganə fərq birincilərin ingilis dilində danışmasıdır. Onlar real siyasət, diplomatiya dilini bilmirlər”.

Ukraynanın federallaşma ehtimalı barədə danışan millət vəkili bildirib ki, dünyada çox radikal şəkildə federallaşma ağır nəticələr törədir: “Hazırda Turçinov guya Rusiyanın bəlli sərt tələbləri qarşısında siyasi manevr edərək federallaşma məsələsini qəbul edə biləcəklərini vurğulayır. Əminəm ki, Şərqi Ukraynanın müxtəlif kiçik dövlətciklər halında Rusiyaya birləşdirilməsi prosesi davam etdiriləcək. Bu, Krım hadisəsi olmayacaq. Burada kifayət qədər qan töküləcək”.

O, Krımın Ukraynanın tərkibindən çıxaraq Rusiya birləşdirilməsində günahın yalnız hazırki hakimiyyətdə olduğunu bildirib: “Yanukoviç Şərqi Ukrayna və Krımda baş verənlərdən də böyük bir günah işlətməmişdi ki? Hardadır o yüz minlərlə insan? Xarici təsirlər və ya təcavüzlər baş verəndə onlar niyə meydanlara çıxmır? 46 milyon əhalisi olan Ukrayna Krımı bir güllə belə atmadan təhvil verdi”.

Zahid Oruc Ukrayna məsələsi ilə bağlı Azərbaycanın tutduğu mövqeyi də dəstəklədi: “Azərbaycanın mövqeyi kifayət qədər doğrudur. Biz hüquqi müstəvidə BMT-də öz mövqeyimizi ifadə etdik. Lakin ondan kənarda Ukrayna xalqının əvəzindən döyüşmək, Krım tatarları ilə həmrəylik və s. kimi belə bir uzaq gedən və bir sıra hallarda avantürist düşüncələrə qapılmaq, Rusiya əleyhinə bloklarda yer almaq, Putinə dərs vermək istəmək və bu məsələdən Qarabağ üçün mənfi nəticələr çıxarmaq yanlışdır. Unutmayaq ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Ermənistanla bütün hərbi münasibətlərini bu günə qədər saxlamaqda davam edir. Ona görə də həyat bizim hər vətəndaşımızdan siyasətçi olmağı tələb edir”.

Eldar Tanrıverdiyev


Müəllif: