23 İyul 2015 01:27
339

İyulun 22-də “Moskovski komsomolets” qəzetində Andrey Zavyalovun “Azərbaycan səfiri Bülbüloğlu Sterliqovun Qarabağa səfərinin nəticələrindən danışıb” adlı açıqlaması dərc olunub. Teleqraf.com AZƏRTAC-a istinadən həmin materialı təqdim edir.

“Bu günlərdə Rusiya KİV-lərində Cənubi Qafqaz və xüsusən Azərbaycan kontekstində toxunulan mövzulardan biri German Sterliqovun Dağlıq Qarabağa gözlənilməz səfərinin işıqlandırılması olub. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bu faktı “Moskovski komsomolets”ə şərh edərək deyib: Bu, biabırçı faktdır. German Sterliqov nümayişkaranə şəkildə fitnəkar hərəkət edib. O, əlbəttə ki, hara getdiyini bilirdi və Azərbaycanın rəsmi mövqeyi, həmçinin belə bir addımın nəticələri ona məlum idi. Bununla belə, Sterliqov “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və 12-ci maddələrinin, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin, habelə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 15-ci maddəsinin tələblərini kobud şəkildə pozub.

Hələ üstəlik Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt edilmiş Şuşa şəhərində - Qarabağ xanlığının tarixi mərkəzində German Sterliqov qeyri-qanuni rejimin “müstəqilliyini” dəstəkləyən – Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına və onun torpaqlarının işğalının davam etdirilməsinə yönəldilmiş bəyanatlar verib.

- Yəni, German Sterliqovun Azərbaycan Xaric İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi məsələsi həll olunub?

- Şübhəsiz. Amma sizi əmin edirəm ki, bununla iş bitmir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz soxulduğuna görə və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş açıq çağırışlarına görə German Lvoviç Sterliqov barəsində cinayət işi qaldırıb.

Yuxarıda göstərilənlərlə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına və dövlət sərhədinin qanunsuz keçilməsinə yönəldilmiş çağırış faktları ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri üzrə cinayət işinin icraatına başlayıb.

Azərbaycan Respublikası onun ərazi bütövlüyü əleyhinə yönələn qeyri-qanuni səfər və çağırış cəhdlərinə qarşı bundan sonra da bütün qanuni yollarla müqavimət göstərəcək. Bu müqavimət çərçivəsində Azərbaycan tərəfi həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq mexanizmlərə, o cümlədən qanunu pozanların İnterpol xətti ilə axtarışda olan şəxslərin siyahısına daxil edilməsi barədə vəsatətə də əl atacaq.

Məsələn, Rusiyada oxşar təcrübə var və dövlət sərəncamında olan bütün qanuni vasitələrdən istifadə edərək hər kəsin, o cümlədən əcnəbilərin mövcud qayda və normalara əməl etməsi üçün ciddi tədbirlər görülür. Bu immiqrasiya qanunvericiliyinə də aiddir və onun tələblərinin sərtləşdirilməsi ölkənin suveren hüququ kimi qəbul edilir. Biz bu hüquqa hörmətlə yanaşırıq. Lakin öz tərəfimizdən biz də qarşılıqlı hörmət tələb edirik. Xüsusən, ona görə ki, Sterliqovla bağlı hadisədə söhbət “sadəcə” inzibati məsuliyyət daşıyan miqrasiya qaydalarının pozulmasından deyil, cinayət əməlindən –sərhədin qanunsuz keçilməsindən və Azərbaycan dövləti əleyhinə açıq çıxışlar edilməsindən gedir.

Vurğulamaq istəyirəm ki, Azərbaycan ilə Rusiya arasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” müqavilə imzalanıb. Biz qanunu pozanları nizam-intizama dəvət etmək üçün bu müqavilənin və digər ikitərəfli hüquqi aktların müddəalarına müraciət edəcəyik”.


Müəllif: