16 İyun 2014 10:29

NATO Parlament Assambleyasının (PA) prezidenti Hyu Beylin Azərbaycana gəlib.

Teleqraf.com xəbər verir ki, H.Beylinin səfəri ötən gecədən başlayıb. Onun səfərindən məqsəd Bakıda keçirilən NATO PA-nın 86-cı Rouz-Rout seminarında iştirak etməkdir. Səfər çərçivəsində H.Beylinin Azərbaycanın rəhbər şəxsləri ilə görüşü də nəzərdə tutulub.

Artıq NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı öz işinı başlayıb.

NATO PA-nın prezidenti Hyu Beyli açılış nitqində söyləyib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflər arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün səylərini davam etdirəcək.


Onun fikrincə, bu seminar parlament dialoqundan istifadə edilməsinə imkan verir. NATO PA-nın prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini də söyləyib. Onun sözlərinə görə, bu problemi müharibə yolu ilə həll etmək mümkün deyil: "Azərbaycan mürəkkəb regionda yerləşir. Dağlıq Qarabağ münaqişəsini müharibə yolu ilə həll etmək mümkün deyil. Bunu kompromislər yolu ilə həll etmək lazımdır.
NATO özü bu prosesdə iştirak etməsə də, qarşılıqlı anlaşmaya nail olmaq üçün səylərini davam etdirəcək".

H.Beyli bəyan edib ki, NATO tərəflər arasında etibarın yaradılmasının vacib hesab edir. Bu səbəbdən o, Ermənistan parlamentinin nümayəndələrinin Bakıda iştirakını təqdirəlayiq hal hesab etdiyini söyləyib.


Müəllif: