7 Aprel 2016 15:38
410

“Aprelin 6-da Niderlandda Ukraynanın Avropa İttifaqı ilə assosiasiyası ilə bağlı keçirilən referendumun nəticəsi rəsmi Kiyevin əleyhinə oldu. Bu, o deməkdir ki, Avropa İttifaqı bircə üzvü – Niderlandın qərarına görə Ukrayna ilə inteqrasiya prosesinə başlaya bilməyəcək. Bu, Ukraynada avrointeqrasiya tərəfdarları üçün pis, Rusiya hakimiyyəti üçün yaxşı xəbər oldu”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu daha sonra deyib: “Ukrayna xalqı prezident Yanukoviçi məhz ona görə hakimiyyətdən uzaqlaşdırdı ki, o Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqdan imtina etmişdi. Bundan sonra Rusiya Krımı işğal etdi və Donbasda separatçılara dəstək verdi. İndi belə çıxır ki, Ukrayna xalqının Avropanın bir hissəsi olması üçün apardığı mübarizə və üzləşdiyi insani və torpaq itkiləri nahaq imiş”.

Politoloq Niderlanddakı referendumun Azərbaycan üçün də mənfi siqnal olduğunu bildirib: “Azərbaycan Ukraynadan fərqli olaraq Avropa İttifaqı ilə assosiativ saziş imzalamadı. Brüssel belə bir sənədi Bakı ilə də imzalamaq istəyirdi. Niderlanddakı referendum Avropa İttifaqına inteqrasiya olunmağın Azərbaycan üçün də mənasız olduğunu göstərdi. Belə çıxır ki, Avropa İttifaqının 28 ölkəsindən cəmi biri “yox” deyirsə, inteqasiya üçün qapılar bağlanır. Bununla Avropa İttifaqı Rusiyanın regionda güclənməsinə şərait yaradır. Niderlanddakı referendum Şərq Tərəfdaşlıq Proqramına da zərbə vurdu”.

Səxavət


Müəllif: