7 Aprel 2016 16:33
336

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyası rəisinin canişini Hüseyn Sübhani Niya, aprelin 7-də jurnalistlərə açıqlamasında, son günlər Azərbaycanla Ermənistan arasında Qarabağda baş vermiş qarşıdurmalardan və onun səbəblərindən danışıb.

Teleqraf.com “GünAz” TV-yə istinadən xəbər verir ki, Qarabağda Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmaların yenidən başlanmasının səbəbi barədə konkret bir fikir və təhlilin olmadığını bildirən Hüseyn Sübhani Niya deyib ki, münaqişə tərəfləri arasında konfliktin yenidən başlanmasının səbəbləri barədə müxtəlif fikirlər səsləndirilir: “Bu köhnə yaranın niyə deşilməsi bəlli deyil. Lakin Qərb ölkələrinin məsələni qızışdırması və regionda sabitliyi pozmaq niyyəti barədəki ehtimalı gözdən qaçırmaq olmaz. Hesab edirik ki, Qarabağ böhranının kökü araşdırılmalıdır.

Qarabağ böhranını araşdıran bir çox təhlilçilər, bu məsələyə bir neçə aspektdən yanaşır, hərbi qarşıdurmaların yenidən başlanmasının səbəbləri barədə müxtəlif nəzəriyyə və fikirlər irəli sürürlər. Səslənən fikirlərdən biri odur ki, ola bilsin Türkiyənin bu məsələdə rolu olub və böhranın qızışdırılmasında onun hansısa bir marağı olub. Bəziləri də güman edirlər ki, bəlkə Azərbaycan Respublikasının özü bu yolla BMT tərəfindən təyin edilən “Minsk” qrupunu Qarabağ məsələsinin həllinə cəlb etmək niyyətində olub. Bəziləri də Rusiyanın bu məsələdə rol oynadığına inanırlar.

Bir qrup təhlilçilər də hesab edirlər ki, konfliktin yenidən başlanması təsadüfi olub və onun arxasında əvvəlcədən hazırlanmış hər hansı bir ssenari və ya plan olmayıb. Bir ehtimal da odur ki, Amerika və sionist rejimi başda olmaqla qərblilər Qarabağ böhranında rol oynayır, məsələni qızışdırırlar. Məqsəd isə, bölgədə sabitliyi pozaraq İran İslam Respublikasına problem yaratmaqdır”.


Müəllif: