17 İyun 2014 21:39

Bəzi təhlilçilər Rusiya xarici işlər nazirinin Bakıya səfərində Azərbaycanın Avrasiya və Gömrük İttifaqına üzv olmaqla bağlı məsələnin prioritet olacağını düşünür, bəziləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinin əsas müzakirə predmeti olacağını güman edir.

İyunun 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki günlük rəsmi səfəri başlayır.

Rusiya XİN-dən RİA Novosti Agentliyinı verilən məlumata görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Pezident İlham Əliyevlə görüşəcək cənab Lavrov Həştərxanda keçiriləcək Xəzər sammiti və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər və yaranmış vəziyyətdən çıxış üçün konkret razılaşmanı əldə etməyin zərurəti barədə danışıqlar gündəliyindədir", məlumatda deyilir.

"İkili siyasət"

Politoloq Ərəstun Oruclu BBC Azərbaycancaya deyib ki, rəsmi Moskva "ikili siyasət" yürüdür.

"Moskva rəsmi Bakıya təklif etmək istəyir ki, Ermənistana təsir göstərməklə onun mövqeyində yumşalmalara nail olandan sonra aşağı Qarabağın işğal altında olan rayonlarından bir neçəsini Azərbaycana qaytarılmasına nail olsun. Bununla da Azərbaycanın Avrasiya İttifaqı və Gömrük İttifaqına daxil olmaq haqqında razılığını əldə eləsin", o bildirib.

Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvü Fazil Mustafa cənab Lavrovun Azərbaycan rəsmiləri danışıqlarında iki ölkə münasibətlərinin "qapalı tərəflərinin" gündəmə gələcəyini və regional məsələlərin müzakirə ediləcəyini düşünür.

"Dağlıq Qarabağla bağlı Rusiyanın öz siyasətində korrektə etməsi ilə bağlı fikirlər dolaşmaqdadır. Rayonların qaytarılması, Avrasiya İttifaqı, yəni bir sıra məsələlər var ki, bu məsələlər bir siyasi diplomatiya dilində konret düşünülən məsələlər kimi baxılsa da, bunun nə dərəcədə real olduğunu söyləmək çətindir", deputat BBC Azərbaycancaya bildirib.

Vəziyyət "sadə deyil"

Rusiyanın bölgəyə təzyiqinin olduğunu söyləyən cənab Mustafanın sözlərinə görə, rəsmi Moskvanın Azərbaycandan nə istədiyini müəyyənləşdirmək "çətindir".

"Vəziyyət o qədər sadə deyil. Çünki Azərbaycanın da şərtləri var və Ermənistanın Dağlıq Qarabağa daxil olması ilə ərazi bütövlüyü məsələsində problemləri olduğu halda Azərbaycanın Avrasiya ittifaqına daxil olması eyni təşkilatda təmsilçilik olardı. Rusiya bu suala da cavab verməlidir".

Cənab Lavrovun Azərbaycanla növbəti partiya silahların alqı-satqısı barədə sazişin imzalanacağına dair sualı cavablandıran cənab Oruclu bunu istisna etmədiyini deyib.

"Çünki Rusiya əslində Azərbaycana silah satmaqla və Ermənistanı silahlandırmaqla Azərbaycanı növbəti dəfə silah almağa sövq edir. Rusiya bu yolla faktiki olaraq hər iki ölkənin silahklı qüvvələrinə nəzarəti, münaqişəni, hər iki ölkədə siyasi prosesləri nəzarətdə saxlayır".

Millət vəkili Fazil Mustafa Azərbaycanın Rusiyadan silah almasının sirr olmadığını və bunun ikitərəfli danışıqlarda xüsusi müzakirəyə daxil olan məsələlərdən biri ola bilməyəcəyini bildirib.


Müəllif: