5 May 2016 12:07
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq deputat İqbal Ağazadənin sədri olduğu Ümid partiyasında yeni qalmaqal baş verib.

Ötən ilki parlament seçkiləri ərəfəsində "125-lər" klubu yaradaraq cəmiyyətdəki aktiv xanımları ətrafına toplayan İqbal Ağazadə sonrakı proseslərdə onlarla üz-üzə gəlib.

Digər siyasətçilərdən fərqli olaraq xanım siyasətçiləri partiyada önə çəkən, müxtəlif vəzifələr verən Ümid sədri sonradan onlarla problemlər yaşayıb.

Ayrı-ayrı illərdə İqbal Ağazadənin xanım müavinləri Aynur İmranova, Könül Quliyevanın istefası böyük səs-küy yaratmışdı. Parlament seçkiləri dövründə isə əsas gücü partiyaya yox, "125-lər" klubuna verən İqbal Ağazadə bu siyasi təşkilatda da xanımlarla yola gedə bilmədi.

Hüquqşünas Xalisə Şahverdi “İctimai–siyasi fəaliyyətdə böyük ümid və inamla qoşulduğum “125-lər” Siyasi Klubunu vətəndaş mövqeyimlə tərs düşən bəzi səbəblərə görə tərk edirəm” deyərək İqbal Ağazadə ilə yollarını ayırdı.

Ötən gün partiyada daha bir istefa olub.

Ümid partiyasının sədri gender məsələləri üzrə müavini Həcər Abbaslının partiyadan və vəzifəsindən istefa verməsi ümidçilər arasında birmənalı qarşılanmır.

İqbal Ağazadənin digər müavinləri Həcər Abbaslını fikrindən daşındırmağa çalışır, peşman olacağını iddia edirlər.

Analoji hal ötən il istefa verən Könül Quliyeva ilə bağlı da olmuşdu. Hətta İqbal Ağazadənin bəzi üzvləri onu ittiham edərək peşman olacağını deyirdi. Sosial şəbəkələrdə xanım siyasətçiyə qarşı təşkil edilən hücum zamanı Aynur İmranova Könül Quliyevanı müdafiə etmişdi.

Həcər Abbaslı isə partiya daxilində ədalətsizlik və qeyri-demokratik mühit olduğundan Ümiddən üz döndərdiyini söyləyib. İqbal Ağazadənin müavini Tamilla Qulami onu bu addımından çəkinməyə çağırıb və peşmançılıq çəkəcəyini deyib. Ümidçilərdən əksinə gənc siyasətçinin yaxın çevrəsi onu bu addımına görə dəstəklədiyini bəyan edib.

Həcər Abbaslı partiyadan uzaqlaşmasını belə izah edib:

“İstefamı partiya daxili qərarların demokratik yolla qəbul edilməməsi, partiya daxili idarəçiliyinin üzvlərin ictimai siyasi təcrübəsi, fərdi potensialı, perspektivi və ümumkomanda maraqlarının əsasında deyil, sədrin şəxsi münasibətləri zəminində aparılması bu qərarı verməyimə səbəb oldu. Qərarımı qətiləşdirən başqa bir fakt Azərbaycan Respublikası Milli Məclisinə 2016-cı il iyunun 18-də təkrar seçkilərində iştirak etmək istəyim və bu qərarımın partiya sədri tərəfindən rədd edilməsi, həmçinin sədrin özünün namizədliyini partiya rəhbərliyi və üzvləri ilə müzakirə etmədən gizli şəkildə irəli sürməsi olub. Bu gündən müxalif partiya imitasiyasında, cəmiyyətimizdəki demokratik inkişaf prosesində iştirak imitasiyasında rol almağı deyil, dövlətimiz və millətimiz naminə müstəqil siyasi fəaliyyətə başlamağa qərar verirəm”

Siyasətçi xanıma dəstək verənlər arasında İqbal Ağazadənin keçmiş müavini Könül Quliyeva da var. O, Həcər Abbaslının üzərinə gələn İqbal Ağazadənin müavinlərinə ismarış yollayıb: “Həcər Abbaslının istefa xəbərini oxudum, doğrusu, məsələnin tam təfərrüatına varmasam da, səbəblər mənə gün kimi aydındır. Çünki bu oxşar ssenari mənə hər kəsdən daha yaxın, daha tanış gəldi. Vaxtilə sədrinizin əməllərinə görə MTN təcridxanasına tam qanunsuz aparılıb, mənəvi işgəncəyə məruz qalanda da onun istəyi ilə üstümə tökülüşdünüz. Bir zamanlar komanda halında üzərimə gələn bəzi sədr müavinləri indi də saxtakar sədrlərini müdafiə etmək üçün dəridən-qabıqdan çıxırlar, haqq-nahaq bu qızcığazın üstünə tökülüşürlər”.

Könül Quliyeva Ümid sədrinin müavinin Həcər Abbaslıya peşman olacağı barədə iradına qəzəblənib: “O müavinə çatdırmaq istəyirəm ki, peşmançılıq çəkən Həcər yox, sən olacaqsan. Çoxlarının güvənib arxa çevirdiyi dostları ya ev dustağıdır, ya da özünü asıb. İndi kiməsə şər-böhtan qoşmaq gücünüz əvvəlki qədər rahat deyil. Mənim səsimi məndən xəbərsiz qeyd edib sədrinə dinlətdiyin üçün məhkəmə zallarında aciz duruma qalan sən ola bilərsən.

Bu “əl işinlə” bağlı əlimdə olan tutarlı faktlara söykənərək dəfələrlə səninlə və sədrinlə bağlı Respublika Prokurorluğuna müraciət etmək istəsəm də, yaxın dost-tanışların xahiş-minnətini nəzərə alıb susmuşam. Ancaq bu dəfə görünür ki, sizə hüquq müstəvisində “dur” deməyin zamanı çatıb. Nəzərə alın ki, Həcər tək deyil və onun üzərinə gələn hər kəs bundan sonra qarşısında məni görəcək. Heç olmasa, əməllərinizdən utanıb bir az xəcalət çəkin”.

Kəmalə


Müəllif: