5 May 2016 12:31
1 060

“Rəcəb Tayyib Ərdoğan həm ölkənin prezidenti, həm də partiyanın qurucu lideri idi. Reytinqi də yüksək idi. Məhz onun reytinqi sayəsində Ədalət və İnkişaf Partiyası seçkidən-seçkiyə qələbə qazanıb. Əhməd Davudoğlunu da faktiki olaraq o, baş nazir və partiyanın sədri qoydu. Onun dəstəyi olmasaydı, aydındır ki, Davudoğlu nə namizədliyini irəli sürər, nə partiya lideri, nə də baş nazir ola bilərdi. Görünür, aralarında fikir ixtilafı yaranıb”.

Bunu Teleqraf.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu qeyd edib ki, Ərdoğan bütün proseslərin onun nəzarəti altında olmasını xoşlayır, Davudoğlu isə görünür, son zamanlar müstəqil qərarlar verə bilmirmiş: “Ona görə də fikir ixtilafı yaranıb. Həm də burda bir məsələ var. Mən Davudoğlunun nə daxili, nə də xarici siyasətdə uğurlu siyasət yürütdüyünü düşünmürəm.

Onun bir konsepsiyası var idi, “Qonşularla sıfır problem”. Heç o konsepsiya da işə yaramadı. Əksinə qonşularla olan-qalan münasibətlər də pisləşdi. Ona görə də bu fikir ixtilafı, daxili və xarici siyasətdəki uğursuzluqlar görünür, Ərdoğanı qərar verməyə məcbur etdi. Bu qapalı görüşdə də, yəqin, müzakirə olunub ki, Davudoğlu öz istəyi ilə baş nazir postundan uzaqlaşsın”.

Politoloq bildirib ki, Ərdoğanla Davudoğlu arasında ilk ciddi fikir ayrılığı Milli İstihbarat Təşkilatının başqanı Hakan Fidanla bağlı olub. Belə ki, Davudoğlu MİT başqanının millət vəkilliyinə namizədliyini irəli sürmək və hətta adını AKP-nin siyahısa daxil etmək istəyirdi, Ərdoğan isə bunun əleyhinə çıxıb, Fidanın yerində qalmalı olduğunu deyib:

“Bu, ilk ciddi fikir ayrılığı idi. Ola bilsin ki, cumhurbaşqanı ilə baş nazir səlahiyyətlərini bölə bilmədilər. Bu o deməkdir ki, gələcəkdə partiya lideri və baş nazir kim olacaqdısa, onu da prezidentlə münasibətlərdə problemlər gözləyir. Bu, Konstitusiya dəyişiklikləri edilib prezidentin səlahiyyətləri artırılanadək davam edəcək”.

E.Şahinoğlu qeyd edib ki, keçmiş prezidentlərdən fərqli olaraq Ərdoğan passiv mövqe tutmağı özünə rəva görmür, daim fəaldır, çıxışlar edir: “Halbuki, prezident bütün ölkənin prezidentidir. Bütün siyasi partiyalarla bərabər məsafədə dayanmalıdır. Amma Rəcəb Tayyib Ərdoğan prezident olaraq bir çox məsələlərdə tərəf tutur, hətta baş nazir olduğu dövrdəki kimi müxalifət partiyalarını kəskin tənqid edir. Halbuki, bu işlə baş nazir məşğul olmalıdır. Bu məsələdə də ola bilsin fikir ayrılıqları var, yəqin Davudoğlu prezidentin kölgəsində qalmaq istəmədi”.

E.Şahinoğlu qeyd edib ki, səlahiyyət məsələsindən əlavə, başqa xüsusiyyətlər də var: “Görünür, Davudoğlu akademik çalışmalarla məşğul olmaq istəyib və Ərdoğanda olan xarizma və inandırıcılıq qabiliyyəti Davudoğluda yox idi. Yəni, real siyasətçi başqadır, ali məktəbdən gələn, nəzəriyyə ilə məşğul olan, mühazirələr oxuyan başqa. O demək deyil ki, professor siyasəti yaxşı bilirsə, ondan yaxşı siyasətçi olar. Ərdoğanın heç akademik bilikləri yoxdur, amma görürük ki, siyasətçi kimi reytinqi yüksəkdir, inandırıcılıq qabiliyyəti də var, insanlar ona səs verirlər. Düşünürəm ki, bu məsələ də Ərdoğanın qərar verməsində əhəmiyyətli rol oynayıb”.

Səxavət HƏMİD


Müəllif: