27 İyun 2014 17:07

Bu gün velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatına start verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, ölkəmizin ən güclü velosipedçilərini müəyyənləşdirən yarışın ilk günü Samux rayonunda baş tutub.

Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə çempionatında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparır. Bundan başqa, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun 4 üzvü, müvafiq olaraq Elit və U-23 milli komandalarımızın da şərəfini qoruyan Elçin Əsədov, Aqşin İsmayılov, Tural İsgəndərov və Samir Cəbrayılovun da yarışda iştirakı ona olan marağı daha da artırır. Yeri gəlmişkən, "Synergy Baku"nun baş məşqçisi Ceremi Hant da ölkə çempionatının gedişini izləyənlər arasındadır.

Yarışın proqramına əsasən, bu gün Elit, U-23 və gənclər 30 km, U-17 yaş qrupunda çıxış edən velosipedçilər isə 15 km məsafəyə fərdi ötüşmədə (time trial) mübarizə aparıblar. Nəticələrə gəlincə, Elit və U-23 yaş qrupunda gözlənildiyi kimi ilk 3 yeri "Synergy Baku" komandasının üzvləri tutub. 30 km məsafəni 40 dəqiqə, 2 saniyəyə başa vurmaqla Azərbaycan çempionu adını qazanan Elçin Əsədov bununla da Samir Cəbrayılov (41 dəqiqə, 45 saniyə) və Tural İsgəndərovu (42 dəqiqə, 2 saniyə) geridə qoyub.

Gənclərin mübarizəsində isə 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq, Gənclər İdman Məktəbinin təmsilçisi Nicat Qarayev ən yaxşı nəticə göstərib - 47 dəqiqə, 4 saniyə. 2-ci yeri 48 dəqiqə, 27 saniyə göstərici ilə Elmar İlyasov (Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi), 3-cü yeri isə məsafəni 48 dəqiqə, 51 saniyəyə qət edən Nəbi Rəhimov (Sumqayıt Velosiped İdmanı Klubu) tutub.

Və nəhayət, 17 yaşadək velosipedçilərin mübarizəsində 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq, Gənclər İdman Məktəbinin 2 üzvü ilk üçlükdə qərarlaşıb. Mikayıl Səfərli (22 dəqiqə, 52 saniyə) 1-ci, Maksim Napyorstkov isə (23 dəqiqə, 42 saniyə) 3-cü olub. 2-ci yerə "Lokomotiv" klubunun təmsilçisi Kərim Şirəliyev (23 dəqiqə, 13 saniyə) layiq görülüb.

İyunun 28-də U-17 yaş qrupu üzrə velosipedçilər Samuxda 70 km məsafəyə qrup ötüşməsində Azərbaycan çempionunu müəyyənləşdirəcəklər. Nəhayət, iyunun 29-da, ölkə çempionatının sonuncu günü Elit, U-23 və gənclər Gəncə şəhərindən qrup şəklində start götürməklə Daşkəsənə qədər olan 120 km məsafəyə yürüş edəcəklər. Bu mərhələnin əsas xüsusiyyəti Daşkəsən ərazisində dağ yollarının da olmasıdır.

Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. Qaliblər medal, diplom və pul mükafatı ilə təltif ediləcək.


Müəllif:
Загрузка...