16 Oktyabr 2017 13:46
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda keçirilən XVI Dünya Atletika Çempionatının qalibi Ramil Quliyevlə İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyində (İS-TAD) görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, R.Quliyev “bir millət, iki dövlət” şüarı ilə qurulmuş bu təşkilatda olmaqdan qürur duyduğunu və həmvətənləri ilə bir araya gəlməyin sevindirici olduğuğunu bildirib. R.Quliyev qazandığı uğurların bütün Türk dünyasının və üzvü olduğu “Fənərbaxça” idman klubunun nailiyyəti olduğunu vurğulayıb: “İnanıram ki, bu müvəffəqiyyət gələcəyimiz olan gənclərə nümunə olacaq və biz daha böyük uğurlara imza atacağıq. Prezidentlərimizin məni və klubumu təbrik etməsi bizi daha çox qürurlandırdı. İS-TAD olaraq da verdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirirəm”, deyə o qeyd edib.

“Fənərbaxça” idman klubu nümayəndələrinin də iştirak etdiyi görüşdən məmnunluğunu ifadə edən İS-TAD sədri Səfər Qaraqoyunlu deyib ki, bütün sahələrdə olduğu kimi, idmanda da qazanılan uğurlar hər iki dövlətin nailiyyətidir. Sonra S.Qaraqoyunlu təşkilat adından R.Quliyevə plaket təqdim edib.

Görüşdə “Fənərbaxça” idman klubunun rəhbəri Əziz Yıldırıma təqdim edilməsi məqsədilə Türkiyə-Azərbaycan həmrəyliyinə və idmanın inkişafına verdiyi dəstəyə görə təşəkkür plaketi təqdim edilib.


Müəllif: Səxavət