24 Mart 2018 23:15
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, cüdo ikiqat Paralimpiya çempionu İlham Zəkiyev deyib.

Onun sözlərinə görə, ölkədə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyadıb: “İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir. Biz idman ictimaiyyətinin nümayəndələri olaraq həmişə dövlətimizin və şəxsən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısını hiss etmişik. Bu diqqət və qayğı bizim üçün əlavə stimul yaradıb. Hər zaman çalırışıq ki, dövlətimizin başçısının inam və etimadını doğruldaq. Möhtərəm Prezidentimiz idmançıların böyük dostu və hamisidir”.

İlham Zəkiyev vurğulayıb ki, idman ictimaiyyətinin nümayəndələri dövlətbaşçısı İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirləri, görülən işləri yüksək qiymətləndirirlər: “Bu sahədə əldə edilən nailiyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də təqdir olunur. Bu, təsadüfi deyil, çünki Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən Avropa və Dünya çempionatları, olimpiya və qeyri-olimpiya idman növləri üzrə çempionatlar keçirilir. Azərbaycan sülh, dostluq və əməkdaşlıq dəyərlərini özündə ehtiva edən Olimpiya hərəkatının təşviqinə böyük dəyər verir. Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan tolerantlığı, sivilizasiyalararası dialoqu təşviq etməklə yanaşı, Şərq ilə Qərb arasında körpü rolu oynadığını nümayiş etdirir. Bütün bu uğurlar Azərbaycanda idmanın inkişafına göstərilən qayğının sayəsində əldə olunur, paralel surətdə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına da öz töhfəsini verir. Bütün bu reallıqlar və nailiyyətlərin fonunda əminliklə deyə bilərik ki, idman ictimaiyyətinin seçimi bəllidir: Azərbaycanın idman ictimaiyyəti cənab İlham Əliyevi dəstəkləyir!”, - deyə qeyd edib.


Müəllif: Nərgiz