21 Aprel 2018 22:43
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlk hissə uşaqlar tam da olmasa, onlara verilən tapşırıqları yerinə yetirdilər. İkinci hissədə isə heç nədən 2 qol buraxdıq. Çox çalışsaq da, hesabı xeyrimizə dəyişə bilmədik".

Bunu "Zirə"nin məşqçisi Elnur Çodarov səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.

Cəzalı Ayxan Abbasovun yoxluğunda media önünə çıxan gənc mütəxəssis sualları da cavablandırıb:

- Ayxan Abbasov həmişə deyirdi ki, qol fürsətləri olsa da, dəyərləndirə bilmirik. Bu oyunda isə qol fürsəti də görmədik...

- Elə deməzdim. İlk hissədə rəqib qapısı qarşısında iki yaxşı fürsətimiz oldu. İkinci hissədə də həmçinin.

- Komanda artıq 10 oyundur qələbəyə həsrətdir. Klub rəhbərliyinin buna münasibəti necədir?

- Rəhbərliklə görüşmüşük. Deyiblər ki, "arxayın olun, arxanızdayıq”. Rəhbərlik bizə inanır.

- Rəhbərliyin sizi arxayın etməsi, komandada arxayınçılıq yaratmır?

- Rəhbərliyin bizə inanması bizdə özünəinamı daha da artırır. Buna görə, onlara təşəkkür edirəm.

- Komandanın qalib gələ bilməməsində əsas səbəb nədir?

- Qışda komandada bir neçə dəyişiklik oldu. Gələnlər gedən futbolçuların yerlərini doldura bilmədilər. Bunun da rolu az olmadı.

- Elşən Abdullayev ən perspektivli futbolçulardan sayılsa da, "Zirə”də özünü göstərə bilmir...

- Ona inanmışıq. Buna görə komandaya dəvət etmişik. Öz üzərində çalışır, istək var. Bir az uyğunlaşmayla bağlı problemi mövcuddur. Ancaq tənbəl deyil. Lakin oyun baxımından kollektivə uyğunlaşa bilmir.(report.az)


Müəllif: Teleqraf.com