10 İyul 2015 23:55

Azərbaycanın "Qəbələ" futbol klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçirilən "Dinamo" (Tbilisi) ilə cavab oyununda baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Teleqraf.com klubun saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: "UEFA Avropa Liqası çərçivəsində 09.07.2015 tarixində keçirilən “Qəbələ” – “Dinamo” (Tbilisi) matçında baş verən hadisələri çox təəssüf hissi ilə qarşıladıq. Matçdan öncə ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülsə də, Azərbaycan və Gürcüstanın dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr, Tbilisidə olduğu kimi, Qəbələ şəhər stadionunda da öz işlərini gördülər. Bir qrup təxribatçı tərəfindən Gürcüstanın dövlət atributlarının təhqir olunması və siyasi şüarlar qaldırılması bu işin bir hissəsi kimi qəbul olunmalıdır. Əvvəllər də olduğu kimi, indi də bu cür hadisələr klublarımız, ölkələrimiz arasındakı sıx əməkdaşlığa, xalqlarımız arasındakı dostluğa təsir göstərməyəcək. Dünənki matçdan öncə və sonra hər iki klub nümayəndələri arasındakı xoş münasibət, rəqabətin nəticədən asılı olmayaraq, yalnız meydançada olduğunun sübutudur.

İnanırıq ki, bu cür hadisələrə yol verənlər hər iki ölkədə aşkar ediləcək və layiqli cəzalarını alacaqlar. Bir daha baş vermiş hadisədən təəssüfləndiyimizi bildiririk".


Müəllif:
Загрузка...