20 Aprel 2014 21:14

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov “Shamkir Chess 2014” turnirinin ilk turundan sonra keçirilən mətbuat konfransında hazırkı dünya çempionu Maqnus Karlsen ilə oyunu barədə danışıb:

“Debüt ev tapşırığı idi. Sadəcə bəzi məqamları yaddan çıxartdım. Belə vəziyyəti izləmişdim. Qara fiqurlarda problem olmalı deyildi. Amma dünyanın 1 nömrəli şahmatçısı səhvsiz oynadı və nəticəni gördük. Müdafiə sona yaxın sadəcə mümkün deyildi. Açılışda püşk atılanda ilk turun çətin olacağını bilirdim. Startda Maqnusa qarşı oynamaq çətindir. Orta turlarda qarşılaşsaydım yaxşı olardı. Karyeramda iki dəfə Karlsenə uduzmuşam. Hər ikisi ilk turda olub. 2008-ci il Veyk-An-Zee turnirində və indi Şəmkirdə. İkinci dövrədə yenidən görüşəcəyik. Onda tam fərqli oyun olar”.

Ötən gecə nərd oynadığını vurğulayan Ş.Məmmədyarov bunları bildirib: “Təşkilatçılıq yüksək səviyyədə olduğu üçün şahmatçıların boş vaxtı çox olur. Mən də boş vaxtımda nərd oynamışdım. Hər halda nərd bugünkü partiyadan daha yaxşı alındı”.


Müəllif: