15 İyun 2014 23:58

"Evdə çıxış etmək böyük məsuliyyətdir və hamı səndən ən yaxşı nəticəni gözləyir". Trend-in məlumatına görə, bunu bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvü Siyana Vasileva deyib.

Onun sözlərinə görə, Azərbaycan idmançıları yenə də bacardılar və yaxşı çıxış etdilər: "Hamı razı qaldı və əsas da budur".

S.Vasileva qeyd edib ki, qızlar milli yığma üçün çıxış edirdilər: "Bir az həyəcanlı idilər, lakin heç nəyə baxmayaraq gözəl çıxış etdilər. Onlar medal qazananda və hər şey yaxşı bitəndə sevinir və fəxr hissi duyurduq. Biz altıncı çıxış edirdik və bizdən sonra Bolqarıstan və Fransa yığmaları çıxış etməli idi. Əlbəttə ki, əminliklə heç bir şey demək olmazdı, ancaq biz hamımız hiss edirdik ki, medal bizim əlimizdədir".

Qeyd edək ki, Azərbaycan yığması Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında 3 top və 2 lentlə qrup tapşırıqlarında ikinci yeri tutub. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər.

Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər.

Bu, Avropa çempionatında Azərbaycan gimnastlarının qazandığı 3-cü medal olub.


Müəllif: