22 Aprel 2014 12:50
630

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xankəndindən olan məcburi köçkün sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, SKMF aprelin 18-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış Xankəndindən olan məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Tədbir çərçivəsində məcburi köçkünlərlə mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

SKMF tərəfindən kiçik cins heyvandarlıq təsərrüfatlarının, kiçik pendir istehsalı və meyvəqurutma müəssisələrinin, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər.

Naibə


Müəllif: