12 Sentyabr 12:30
709

BŞ Federal Ehtiyat Sistemi (FED) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0 faizə endirməsi və monetar ekspansiyaya başlaya bilməsi xəbərindən sonra digər aparıcı valyutaların, o cümlədən milli pulun kursunun, eləcə də strateji məhsulların qiymətinin necə dəyişəcəyi məsələsi daha da aktuallaşıb. FED bu addımı atsa nələr dəyişəcək?

Teleqraf.com-un məlumatına görə, iqtisadçı Vüqar Bayramov bu sualın cavabında bildirib ki, əvvəllər də qeyd edildiyi kimi, Tramp Administrasiyası ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi üçün ucuz dollarda maraqlıdır:

"Ağ Ev “xarici ticarət savaşında” ucuz dollar ilə ixrac həcmini artırmaq və Birləşmiş Ştatlara idxalın həcmini azaltmağı hədəfləyir.

FED-in uçot stavkasının sıfırlanması fonunda dolların aparıcı valyutalara nisbətən ucuzlaşması baş verərsə, qızıla tələbin artması müşahidə ediləcək. Bir tərəfdən ucuz dollar strateji məhsul olan qızılın qiymətini yüksəldə, digər tərəfdən isə qlobal valyuta bazarındakı qeyri-müəyyənlik bu qiymətli metala marağı artıra bilər. Son 6 ayda dünya bazarında qızılın qiyməti 10.6 faiz artaraq bir unsiyası 1326 dollara çatıb. Bu, qızılın hər qramının qiymətinin dünya bazarında artıq 43 dollara yaxınlaşması deməkdir.

Digər tərəfdən, məhz həmin müddətdə dollar-avro nisbətən təxminən eyni səviyyədə ucuzlaşıb. Bu isə o deməkdir ki, qızılın avro ifadəsində qiyməti son 6 ayda nəinki artıb, əksinə 1.3 faiz aşağı düşüb.

Deməli, qızılın dirçəlməsi daha çox dolların ucuzlaşması ilə bağlıdır. Belə olan halda isə, uçot stavkasının sıfırlanması qızılın dollar ifadəsində qiymətini artıra bilər. Bu halda avronun məzənnəsi birbaşa Avropa Mərkəzi Bankının reaksiyasından, o cümlədən gələn ay keçirilən yığıncağında qəbul edilən qərarlardan asılı olacaq.

2017-ci ildə avro-zonada bondların yerləşdirilməsi müddəti başa çatır və yeni emissiyanın necə və hansı formada olması ilə bağlı Avropa Mərkəzi Bankı qərar verməlidir. Sentyabrın 9-da Avropa Mərkəzi Bankı uçot stavkasının dəyişdirilməməsi barədə qərar qəbul edib. Praktik olaraq, avropalılar da ixarcda müqayisəli üstünlüklərini itirməmək üçün bahalı avroda maraqlı görsənmirlər.

Bununla belə, uçot stavkasının sıfırlanması avronun müəyyən dəyər qazanmasına gətirib çıxara bilər. Bu halda onun hansı səviyyəyədək davam edə bilməsi isə birbaşa Avropa Mərkəzi Bankı qərarlarından asılı olacaq".


Müəllif: Mahir