9 Avqust 2014 20:52

Nəğdsiz ödəmədən faydalanmağa nə mane olur?

Bütün dünyada nəğdsız ödəmələrin genişləndirilməsi həm şəffaflıq, həm də xoşagəlməz halların aradan qaldırılması baxımından vacib sayılır, amma insanlar plastik kart vasitəsilə ödəniş etməkdə maraqlı deyillər. Baxmayaraq ki, Azərbaycanda əhalinin yarıdan çoxunun - 5 milyon nəfərinin plastik kartı var. Əslində, bu rəqəm dünya ölkələri ilə müqayisədə pis göstərici deyil. Mütəxəssislər deyirlər ki, nağdsız ödənişlərin inkişaf etməməsinin səbəblərindən biri insanların məlumatsızlığıdır.

Məsələni ən sadə yolla təhlil edək. Marketlərdə alış-verişdən sonra pulun qalığının əvəzinə kibrit, konfet, çay, saqqız və sair məhsullar verilməsi və yaxud mağazanın xeyrinə yuvarlaqlaşdırılaraq, ümumiyyətlə, qaytarılmadığı hamıya məlumdur. Plastik kartdan istifadə etməklə pulun qalığını müxtəlif əşyalarla əvəzləməkdən qurtulmaq olar. Ödənişin bu formasının üstünlüklərindən ən başlıcası isə bankomatdan pul çıxardıqda əlavə xidmət haqqının tutulmamasıdır.

Üzərində iri məbləğdə pul saxlamaq təhlükəsizlik baxımından da risklidir. Nəğd pul itdikdə, oğurlandıqda onu qaytarmaq çətin olduğu halda, plastik kart itirilsə belə, ondan kimsə istifadə edə bilmir.

Bundan başqa, nəğdsız ödənişlərin hamısı rəsmi qeydiyyata alınır və bu vəsaiti vergidən yayındırmaq mümkün deyil. Deməli, nəğdsız ödənişlərin genişlənməsi dövlət büdcəsinə daxil olmaları da artıra bilər.

5 milyondan çox plastik kartın olmasına baxmayaraq...

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, nəğdsız ödənişlərin inkişaf etməməsinin bir səbəbi insanların məlumatının az olmasıdırsa, digər səbəb xidmət və ticarət obyektlərində kartlardan istifadə üçün cihazların - pos-terminalların azlığıdır: “Qanunvericiliyə görə, pos-terminal quraşdırmayan sahibkara qarşı heç bir inzibati tədbir nəzərdə tutulmur. Müqayisə üçün bildirək ki, Qazaxıstanda artıq xidmət və ticarət obyektlərində pos-terminal quraşdırmaq məcburidir”.

Azərbaycanda ticarət obyektlərində pos-terminalların quraşdırılmasına nəzarət edən Vergilər Nazirliyi obyekt rəhbərlərinə aparatların quraşdırılmasını tapşırdıqlarını, amma sahibkarların razılaşmadıqlarını bildirir.

Samir Əliyev sahibkarları çəkindirən səbəblər barədə məlumat verdi: “Pos-terminal quraşdırıldıqdan sonra sahibkar rüblük hesabatlar təqdim etməlidir. Sahibkarlar bildirirlər ki, pos-terminaldan demək olar ki, istifadə olunmur. Əhali kart sistemindən daha çox kommunal xidmətlərdə və böyük super marketlərdə istifadə edirlər. Kiçik ticarət obyektlərində isə ödəniş nəğd şəkildə olur. Bu səbəbdən aparatlar dükanların bir küncündə qalır. Rəsmi məlumatlarda dövriyyədə 5 milyondan çox plastik kartın olduğu göstərilsə də, insanlar yenə də nəğd ödənişlərə üstünlük verir”.

Bölgələrdə nəğdsiz ödənişlərə maraq artıb

Belə olan halda, nəğdsız ödənişlərə marağı artırmaq üçün hansı işlər görülməlidir?

Ekspertin sözlərinə görə, bir çox xidmətlərin elektronlaşdırılması bu istiqamətdə uğurlu addım sayılsa da, ümumi ticarət dövriyyəsində nəğdsız ödənişlərin payı 20 faizə çatmır. O, maarifləndirmə işinin zəif qurulması, habelə insanlar arasında vərdişlərin olmamasından irəli gələrək daha çox Bakı şəhərində yaşayan əhalinin pos-terminallardan istifadə etməyə maraq göstərdiklərini bildirdi.

Amma son vaxtlar bölgələrdə də əhalinin nəğdsiz ödənişlərə marağının əvvəlki illərə nisbətən xeyli artdığı bildirilir. Gəncədəki 12 saylı ərazi Vergilər Departamentinin xidmət şöbəsinin rəisi Azər Məmmədov hazırda ərazidə 1300-dən artıq pos-terminal fəaliyyət göstərdiyini deyib. Onlardan 1200-ü Gəncədə, qalanı isə Naftalan şəhərində, Daşkəsən, Samux və Goranboy rayonlarındadır. Şöbə rəisi nəğdsiz ödənişlərə maraq artdığını vurğulayaraq, departamentin xidmət göstərdiyi ərazilərdə daha 300 ədəd pos-terminalın quraşdırılması üçün tədbirlər görüldüyün deyib.

Qeyd edək ki, ölkə başçısı nəğdsız ödəmələrin çox aşağı səviyyədə olmasını böyük problem adlandıraraq ötən il aidiyyəti qurumlara tapşırıq verib.

Naibə


Müəllif:
Загрузка...