11 İyul 08:21

Müşviq mənim dayımdır. Dayımla rayondan Bakıya pomidor, xiyar, badımcan və başqa meyvə-tərəvəz satmağa gəlirik. Bir maşın meyvə-tərəvəzi yükləmişik, yoldayıq…

Bu sözləri “Kəklikotu” filminin baş rollarından birində çəkilən və aktyor Müşviq Şahverdiyevlə dayı-bacıoğlu rollarını canlandıran aktyor İslam Mehrəliyev Teleqraf.com-a açıqlamasında deyib.

Aktyor hazırda Qubada olduqlarını bildirib: “Qubanın Qələduz adlanan ərazisində meşənin içərisindəyik. Çəkilişlərimiz iki həftəyə yaxındır davam edir. Düzdür, bu gün yağan yağış çəkilişləri yarımçıq qoymağımıza səbəb oldu. Hava düzələn kimi işimizə davam edəcəyik. Bu ayın axırına kimi çəkilişləri yekunlaşdırmalıyıq”.

İslam Mehrəliyev həmçinin rejissor Aqil M. Quliyevin də filmə çəkildiyini bildirib: “O, bizə mane olmağa çalışan mafiozdur”.

“Kəklikotu” filmində baş rollardan birini də Nigar Camal oynayır.

Filmin rejissorları Cəfər Axundzadə, Vüqar İslamzadə, operator Rəşad Qarayevdir. Film təxminən oktyabr ayında kinoteatrlara təqdim olunacaq.


Müəllif: Könül Əlibəyli