14 İyul 2015 10:55
975

May ayında təqdim olunan “Her halde” mahnı və klipi ilə Türkiyə şou-biznesində addım atan “Eurivision” mahnı müsabiqəsinin qalibi Nigar Camal “Bakı-2015” Avropa Oyunlarına görə Azərbaycana gəlmişdi. Həmkarı Eldar Qasımovla bərabər “Badminton” idman növü üzrə Avropa Oyunlarının ulduz elçisi seçilən müğənni Teleqraf.com-a müsahibəsində maraqlı məqama toxunub. O, oyunların açılışı günü suçiçəyi xəstəliyinə tutulduğundan yarışları evdən izləməli olub.

“Bakı-2015”in ulduz elçilərlə bağlı son tədbirində qarşımıza çıxan müğənni artıq sağalıb və özünü gümrah hiss edir. Fürsətdən istifadə edib, ona bəzi suallar ünvanladıq.

- Birinci Avropa Oyunlarının ulduz elçisiydiz. Badmintonla, ümumiyyətlə idmanla aranız necədir?
- İdmandan xoşum gəlmir (gülür).

- Niyə? Axı adətən, sənətçilər formada qalmaq üçün idman edirlər...
- Mən formada qalmaq üçün yemək yeyirəm. Amma çalışıram üzgüçülüyə gedim.

- Türkiyədəki işləriniz necədir?
- Deyə bilmərəm ki, Türkiyə şou-biznesində addım atanda hamı başıma dolandı... Belə olmadı əlbəttə... İşlərimiz yavaş-yavaş gedir. Bir-iki mahnı yazdırıb, onun piarı ilə məşğul oluruq. Məncə, bu gedişlə yavaş-yavaş məni oralarda tanıyacaqlar.

- Bəs Türkiyədə bizlərdən kimlər tanınır?
- Bizimlə işləyənlərdən soruşanda Röyanı tanıdıqlarını deyirlər.

- Siz də Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən gənclərimizdən birisiniz. O gənclərin çoxu müsabiqədən sonra Azərbaycanda özlərini kifayət qədər göstərə bilmədilər. Bu, qismən Sizə də aiddir...
- Bəzən insanlar düşünürlər ki, heç kim işləmir, heç kim oxumaq istəmir. Əslində, “Eurovision”da çıxış edən bütün gənclərimiz çox istəyirlər ki, nələrsə etsinlər. Amma çətindir. Düzgün prodüser, bəstəkar tapmaq, studiyada mahnı yazdırmaq, onun reklam kampaniyası ilə məşğul olmaq ağır işdir. Hələ sponsor sarıdan nə qədər problemlərin olduğunu demirəm...
Mən həmişə ya Türkiyə, ya da Rusiya şou-biznesində çalışmaq istəyirdim. Biz öncə Rusiya şou-biznesi ilə maraqlandıq, Dima Bilanla bir mahnı layihəsi üzərində çalışdıq. Baxmayaraq ki, mənə rus dilində danışmaq Azərbaycan dilində danışmaqdan asandır, səmimi deyirəm Rusiya şou-biznesini xoşuma gəlmədi, üstəlik, onu qəbul edə bilmədim. Türk dilində səlis danışa bilməməyimə rəğmən oranın şou-biznesi xoşuma gəlir. Türkiyədə çalışmaq insana böyük zövq verir.
Rusiyada çox kobuddurlar, onlar işləyəndə də insanla kobudcasına davranırlar. Bunun əksi olaraq Türkiyə Avropa standartlarına uyğun və çox professionaldır. Təsəvvür edin, Türkiyədə klip çəkilişi zamanı iki gün gərgin iş qrafikimiz oldu. Birinci gün 19, ikinci gün 16 saat işlədik. İnanırsınız, mən heç yorulmadım... Çünki o qədər pozitiv enerjili insanlarla çalışırdım ki, yorğunluğumu hiss etmirdim.

- Türkiyə şou-biznesi əcnəbi sənətçilər üçün heç də hər zaman qapı açmır...Klipiniz necə qarşıladılar? Rəy necə idi?
- Birincisi, Türkiyədə ümumiyyətlə, birdən-birə bum şoku yaşanmır, hər şey yavaş-yavaş olur. İkincisi, klipimizin işıq üzü görməsi yay aylarına təsadüf etdi. Yayda insanlar istirahətə yollanırlar. Amma sizə deyim ki, əcnəbi ölkədən gələn üçün orda tanınmaq bir az vaxt alır.

- Nigar Camalın prodüseri kimdir?
- Azərbaycanda bir layihə olan kimi hər zaman onunla işləmişəm və bundan sonra da onunla işləyəcəm. Bu adam İsa Məlikovdur, amma Türkiyədə türk prodüserim var-Niran Onay. Uzun müddətdir onunla birlikdə çalışıram.

- Çoxları düşünür ki, sizin avropalı prodüseriniz var.
- Çoxları çox şey danışır. Onun da 99 faizi yalan olur. Bu da həmçinin...

- Amma hər halda “Eurovision”dan sonra da avropalı prodüserlərdən təkliflər almamış olmazsınız. Nə sizi qane etmədi?
- Təkliflər oldu. Amma “Eurovision” da daxil olmaqla bütün proyektlərdən sonra müğənni ilə bir il işləmək istəyirlər. Onsuz da “Eurovision”dan sonra orda özünü yaxşı göstərən müğənnilər üçün bütün dünyada bir il çox gözəl imkanlar. Amma bir il keçəndən sonra ya hər şey əvvəlki halına qayıdır, ya da başqa, fərqli mərhələ başlayır. Mənim istəyirdim ki, “Eurovision”da qalib olum, daha sonra ya Rusiya, ya da Türkiyə şou-biznesinə qatılım. Rusiya cəhdim oldu və anladım ki, ora mənim yerim deyil, ona görə Türkiyəyə üz tutdum.

- Bəs bütün bunların fonunda Azərbaycan şou-biznesi necə görünür?
- Bizdə şou-biznes var?

- Mən sizdən soruşuram...
- Türkiyənin şou-biznesinə baxın, sonra bizə baxın. Orada şou-biznes var, bizdə isə yox... Yenə əvvəllər hər kəs nələrsə etməyə çalışırdı, bir-birinin ardınca yeni mahnılar yazılırdı. Kimsə kiminsə acığına mahnı oxuyurdu, klip çəkdirirdi, onu reklam edirdi. İndi sanki heç kimin marağı qalmayıb. Nə klip çəkdirirlər, nə mahnı yazdırırlar, nə digər layihələr həyata keçirirlər.

- Ona görə Rusiya və Türkiyədə gördüyünüz işləri Azərbaycanda reklam etmirsiniz?
- Bəlkə bəzi müğənnilər gördükləri işləri reklam etmək üçün hansısa televiziyaya, radioya pul verirlər, amma mən bunu qəbul etmirəm. Əgər kanallar özləri həmin klipləri göstərmək istəsələr göstərsinlər, istəməsələr mən bunu pulla edən deyiləm.

- İlin neçə ayını Azərbaycanda olursunuz?
- İndi Avropa Oyunlarına görə Azərbaycana gəlmişdim.

- Əsasən harda yaşayırsınız?
- İngiltərədə. Bir həftə İngiltərədə qalıram, o biri həftələrdə isə işlərimlə əlaqədar Türkiyəyə gedirəm.

- Nigar Camalın geyimi ilə kim məşğul olur?
- Səhnə geyimimlə, eləcə də başqa layihələrlə bağlı stilistlərlə çalışıram. Amma konkret bir stilistimin, mühafizəçimin olduğunu deyə bilmərəm.

Nərmin Muradov


Müəllif: