1 Mart 2017 17:31
3 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Gündəlik Teleqraf” Media Qrupunun 5 yaşı ilə bağlı qurumun rəhbəri Aynur Camalqızının Axar.az-a müsahibəsini təqdim edir:

- Aynur xanım, əvvəlcə sizi bu uğurlu layihənizin - ­“Teleqraf Holdinq”in 5 yaşının tamam olması münasibəti ilə təbrik edirik. Necə düşünürsünüz, media üçün 5 il, azdır, ya çox?
- İndi elə bir sürətli dövrə qədəm qoymuşuq ki, 5 il həm insan ömrü üçün, həm də media üçün azdır. Amma məsələnin sevindirici tərəfi budur ki, biz Azərbaycan media məkanında başqalarının daha uzun müddətə əldə etdiyi mövqeyi qısa zamanda qazana bilmişik. Bu da, düşünürəm ki, böyük uğurdur. Buna görə də bizimlə işləyən həmkarlarımı – jurnalistləri ürəkdən təbrik edirəm. Ümumiyyətlə, istəmirəm ki, bu uğurlar yalnız mənim adımla bağlı olsun. Bu, qətiyyən düzgün olmaz. Bu bizim ümumi, kollektiv işimizdi. Burda mənim xidmətim nə qədərdirsə, Anar Niftəliyevin, Pərviz Cəbrayılın, Qurban Yaquboğlunun, Aqşin Evrənin, Elçin Əlibəylinin, Zahidin, Bəxtiyar və adını çəkmədiyim bütün həmkarlarımızın, dostlarımızın da bir elə payı var. “Teleqraf Holdinq” bizim kollektivin işidir. Bura bizim ikinci evimizdir, demək olar ki, günümüzün çox hissəsi burada keçir.

İndiki məqamda bizim əməkdaşlar təkcə işləmirlər, eyni zamanda, fədakarlıqla çalışırlar. Birinci olmağa, xəbər məkanında mövqeyimizi qorumağa çalışırlar.

- Bugünkü “Teleqraf” 5 il əvvəl görmək istədiyinizdirmi?
- Əvvəlcə onu deyim ki, biz holdinq kimi qeydiyyatdan keçməmişik, amma bütün Azərbaycan xəbər məkanı bizi holdinq kimi qəbul edir. Məncə, bu da uğurumuzdur. Təbii, 5 il əvvəl belə olacağını təsəvvür eləmirdim, amma inanırdım ki, öz sözümüzü deyə biləcəyik. Bilirsiniz ki, biz “Gündəlik Teleqraf” qəzeti, Publika.az saytı və Teleqraf.com-la fəaliyyətə başladıq. Qısa müddətdə özümüzü təsdiq edəndən sonra media qrupumuza daxil olan saytların sayı artdı: Axar.az, İzvesiya.az, Tabloid.az, sonradan Kult.az adlanan 1937.az yarandı. Lakin müəyyən məsələlərə görə bu layihələrimizdən bir neçəsinin fəaliyyətini saxladıq və hazırda onlar digər saytlarımızın daxilində səhifə kimi fəaliyyət göstərir. Düşünürəm ki, biz bu saytlarla daha güclü ola bilərdik. Amma bu da müvəqqətidir. İnanıram ki, bir müddət sonra biz onların da ayrıca fəaliyyətini bərpa edəcəyik.

- Bəs 5 il sonra üçün “Teleqraf”ı necə görürsünüz?
- Təbii ki, 5 il sonra daha güclü “Teleqraf” görmək istəyirəm və əminəm ki, bu, belə də olacaq. Bilirsiniz ki, bizim işimiz təkcə informasiya deyil, həm də dövlət maraqları, xüsusən Qarabağ problemi, Xocalı soyqırımı kimi mövzuların dünyaya çatdırılması kimi mühüm məsələlərdədir. Ona görə də xarici dilli media bizə hava, su qədər lazımdır. Məhz bu xarici dilli media vasitəsi ilə beynəlxalq aləmə öz səsimizi çatdırmalıyıq. Məsələn, bizim Axar.az saytımız bir neçə xarici dildə fəaliyyət göstərir. Hətta İranda, İraqda, Suriyada və s. yaşayan soydaşlarımız üçün Axar.az-ın əski əlifbada yayımlanan versiyası da var və xüsusi vurğulayım ki, bu, Azərbaycan mediasında ilk təcrübədir. Amma təəssüf ki, biz xarici dildə media sahəsində mütəxəssis qıtlığı hiss edirik. Yəni jurnalistikanı bilənlər əksər hallarda xarici dili bilmirlər və ya xarici dili bilənlər jurnalistika sahəsindən məlumatsızdırlar. Düşünürəm ki, jurnalistika sahəsində çalışan peşəkar, təcrübəli şəxslər öz güclərini birləşdirməlidir. Hətta BDU-da jurnalistika fakültəsində dərslərin xarici dildə keçirilməsi məsələsi fikri üzərində də işləmək olar.

- 5 ildə informasiya mühitində nə dəyişdi?
- 5 il ərzində gördük ki, çap mediası sürətlə gündəmdən çıxır. Yəni artıq insanlar hər gün səhər köşklərə gedib qəzet almaq əvəzinə evdə oturub kompüter, telefon vasitəsi ilə xəbər oxuyur. Ona görə də qəzet, çap mediası öz aktuallığını sürətlə itirir. Onun yerini onlayn media tutub. Onlayn mediadan da daha sürətli olan sosial media bizim həyatımıza daxil olub. Yəni Feysbuka girən hər hansı şəxs xəbər saytlarına girmədən belə Azərbaycanda və dünyada baş verən hadisələrdən xəbər tuta bilər. Bu, belə deyək, şəkil dəyişməsidir.

Keyfiyyət dəyişməsi isə xüsusilə diqqəti cəlb edir. Biz dünyanın informasiya ilə idarə olunduğunu son 5 ildə bir daha və daha açıq konstekstdə müşahidə etdik və əlbəttə ki, bu da informasiya mühitində baxış bucağını dəyişməyi şərtləndirir.

Daha sonra, informasiya dilinin ana dilini üstələməsinin şahidi oluruq və bu bizi çox narahat edir. Millətin varlığı onun dilidir, əslində, informasiyanın dili də çox böyük önəm kəsb edir. Burda bir az təhtəlşüuri proses də var: çünki ana dili özündə milli varlığı, vətənpərvərliyi, dövlətçiliyi, milli şüuru daşıyır. Təəssüf ki, jurnalistlərimizin bu məsələdə laqeydliyi getdikcə artır. Xəbərin “texniki dildə”, redaktəsiz-korrektəsiz çatdırılması onun təsir enerjisini də yoxa çıxarır. Mən inanıram ki, oxucunun xəbər saytını yadda saxlamamasının bir səbəbi də budur...

- “Teleqraf Holdinq” nədən imtina etdi, nə gətirdi?
- Biz müəyyən qədər yeniliklər etməyə, bəzi yeknəsəqliklərdən qaçmağa çalışdıq. Məsələn, Publika.az xəbər portalı Azərbaycanda tamamilə yeni bir layihə idi. Yəni Publika.az özünəqədərki Azərbaycan media məkanına bir portal obrazını gətirdi. Bu portalda təkcə xəbər yox, hər bir insanı maraqlandıran yazılara rast gəlmək olur. Biz həmçinin Azərbaycanın xəbər məkanına fasiləsiz xəbər sistemini, xəbər bolluğunu gətirdik. Bizə qədər 1-2 xəbər agentliyini çıxmaq şərti ilə heç bir saytda fasiləsiz xəbər təcrübəsi yox idi. Bundan başqa, Axar.az saytı vasitəsi ilə Azərbaycan mediasına lakonik xəbərləmə üslubunu gətirdik. Bilirsiniz ki, oxucu həddindən artıq səbirsiz, hövsələsizdir. Onun uzun-uzadı yazıları oxumağa hövsələsi çatmır. İndiki halda biz 30-40 min işarəlik yazı ilə oxucunu yükləyə bilmərik.

Digər tərəfdən, hansısa hadisənin mahiyyətini anlamaq üçün xəbər çevrəsinin, əhatə dairəsinin sərhədlərini genişləndirməyə çalışdıq. Dünyadakı prosesləri izləmək oxucuya dövlətin atdığı addımların mahiyyətini anlamağa imkan verməlidir. Biz hazırkı dünya mənzərəsini informasiya kimi oxucuya ötürməliyik ki, oxucu, məsələn, Türkiyədə prezidentlik institutuna keçid istəyinin və yaxud Azərbaycanda prezidentlik institutunun gücləndirilməsinin dövlətçilik və xalq üçün necə gərəkli olduğunun fərqinə varsın.

- Başqa sözlə, dünyada baş verənlər informasiya siyasətinizə təsir edir...
- Birmənalı. Müharibələr, terrorlar hər kəsin həyatına təsir etdiyi kimi, medianın xəbər siyasətini də dəyişir. Əlbəttə, könül istərdi ki, biz pozitiv, xoş xəbərləri yayaq, amma təəssüf ki, indiki halda dünyamızdakı gerçəkliyi olduğu rəngdə verməliyik. Nəzərə alsaq ki, biz də müharibə şarəitindəyik, torpaqlarımız işğal altındadır, onda məsuliyyətimiz bir neçə dəfə artır. Baxın, indi biz burda rahat oturub söhbət edirik, bəlkə də Qarabağın hansısa bölgəsində bu dəqiqə toqquşma var...

- Medianız harada daha peşəkardır, harada axsayır?
- Kollektivimiz kifayət qədər peşəkardır. Amma çox istərdim ki, bizim bölgələrdə, eləcə də xarici ölkələrdə müxbir postlarımız olsun. Düzdür, bəzi rayonlarda əməkdaşlıq etdiyimiz jurnalistlər var, amma bunu daha da genişləndirə bilərik. Bu da təbii ki, maddi imkanlarla, maliyyə ilə bağlıdır.

- Amma kollektivinizdən hansı məqamda narazı olduğunuzu demədiniz...
- (Gülür) Çünki konkret narazılığım yoxdur. Amma əlbəttə ki, bəzən axsamalar yaşanır. Biz indi çalışırıq ki, xəbəri daha operativ, daha sürətli, ən əsası isə, sistem şəklində təqdim edək.

- Böyük hədəfləriniz var, elə müsahibəni də “Teleqraf Holdinq”in daha bir böyük hədəfi ilə - TV layihənizlə bitirək. O layihəniz nə yerdədir?
- TV layihəmiz hələ də gündəmdədir, bütün texniki avadanlıqlarımızı hazır etmişik. Hətta nəzərdə tutduğumuz çox peşəkar kollektivimiz də var, amma müəyyən problemlərə görə bu layihə ləngiyir. Buna baxmayaraq, inanıram ki, tezliklə bu layihəni reallaşdıra biləcəyik.


Müəllif: