14 May 2014 12:18
1 225

“Elə bir tərəf müqabili görmürəm ki, onunla qalmaqal yaradam”

“O vaxt Hacıbaba Bağırov mənimlə şərt kəsdi”

“Sən heç kimə lazım deyilsən”

1962-ci ildə Bakı şəhərində anadan olub. 10 yaşından efirlərdədir. 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor ixtisasına yiyələnib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Dövlət Gənclər Teatrının səhnəsində koloritli, duzlu obrazlar yaradıb. 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülən Musiqi Teatrın aktyoru Çingiz Əhmədov Teleqraf.com-un suallarını cavablandırıb.

-Efir yolu
-10 yaşından efirdəyəm. 49 yaşında isə ad almışam. Televiziyada oynadığım kiçik rollarla sənətə gəldim, məktəblərdə yumoristik səhnələrdə çıxış etdim, eyni zamanda “Qırmızı qərənfil” ansamblında mahnılar ifa edirdim. Daha sonra böyük səhnəyə addım atdım.

-Musiqili Teatra qayıdış
-1983-cü ildə Musiqili Komediya Teatrında işə qəbul olundum. Çox görkəmli sənətkarlara bərabər çalışırdım. Allah rəhmət eləsin, Əliağa Ağayev mənə deyirdi ki, sənin böyük gələcəyin var, özünü qoru. İş elə gətirdi ki, 1991-ci ildə teatrda rəhbərlik dəyişdi, Nəsibə xanım Zeynalova, Atabala Səfərov, Ofeliya Aslan, Ofeliya Məmmədzadə, Cahangir Novruzov və mən teatrdan uzaqlaşdıq. O vaxt Hüseynağa Atakişiyev məni Gənclər Teatrına dəvət etdi. Onun rəhbərliyi altında solo tamaşalarda çıxış etdim. 2003-cü il “Yeriniz məlum” verilişi üçün Hacıbaba Bağırova zəng vurdum, mənimlə şərt kəsdi, dedi, sən teatra qayıt, mən də sənin verilişində iştirak edim. Şərti qəbul etdim və Musiqili Komediya Teatrına qayıtdım. Hörmətli Prezidentimizin Sərəncamı ilə teatr təmir olunub, istifadə verildi. Çox qəşəng təmir olunub. Teatr yenə həmin ifada, səhnə isə həmin səhnədir. Sadəcə bir az dəyişiklik olub və bu yeniliklərlə əlaqədardır.


-Hacıbaba Bağırovdan sonra “Bankir adaxlı”
-Mayın 24-də “Bankir adaxlı” tamaşasının premyerasıdır. Orda canlandıracağım obrazı vaxtilə Hacıbaba Bağırov oynamışdı. İnşallah, bu rolun haqqını verəcəm. Bu teatra gələndə Hacıbaba Bağırov əksər rollarını mənə həvalə etmişdi. Rolu oynamamışdan öncə Hacıbaba müəllimin xanımı Arzu xanıma zəng vurub, danışdım, halallıq aldım. İndi hər şey normaldır, öhdəsindən də gələcəm. Bir qram da həyəcan yoxdur. Öz verilişimdə bir dəfə tamaşanın reklamı etmişəm. Aləm dəyib bir-birinə. Hamı Afaq xanımla Çingiz Əhmədovun birgə ifasını gözləyir.

-Rol arzusu
-Bir arzuma çatıram deyəsən. Məşədi İbad rolunu çoxdan oynamaq istəyirdim, artıq bu rola təsdiqlənmişəm. “Bankir adaxlı”nı təhvil verəndən sonra o tamaşanın da məşqlərinə başlayacağıq. Kral Liri də canlandırmaq istəyirəm. Amma deyəsən ona hələ var. Ciddi rollar oynamaq istəyirəm. Amma rejissorlarımız məni o rollarda görmür.

-Ümumiyyətlə isə teatr...

-İndi teatrda da cılızlaşma gedir. Fikir verin, vaxtilə teatrda çox nəhəng sənətkarlar çalışıb. Bu tək bizim teatrla bitmir, sözüm bütün teatrlara aiddir. İstər rejissor, istər aktyor, istər də yazarlarımız sarıdan çox cılızlaşma var. O vaxt necə filmlər çəkirdilər, indi o filmlər yoxdur, çünki o ssenariləri yazan insanlar yoxdur.


-Fəxri ad
-Məncə, fəxri ad almaq hər bir sənət adamının arzusudur. Əməkdar artist fəxri adı mənə 49 yaşında nəsib oldu. Amma sizə deyim ki, bununla mən başqa bir sınaqdan da keçməli oldum. O vaxta qədər elə fikirləşirdim ki, məni sevməyən insan yoxdur, amma fəxri ad bunun əksini sübut etdi. Birlikdə çörək kəsdiyim kəslərin mənə münasibəti dəyişdi. Mənə, evimə gələn zənglərin səsi kəsildi. Heç biri gözləmirdi ki, mənə bu adı veriblər.

-Qaçır
-Düzünü desəm, yazılı mətbuat orqanlarından qaçıram. Sözü deyirsən, amma oxuyanda görürsən ki, başqa cür yazıblar. Şükürlər olsun ki, artıq efirlər var, demək istədiyim sözü ordan deyirəm.


-Qalmaqal
-Öz sənətimlə, işimlə məşğulam. Elə bir tərəf müqabili görmürəm ki, onunla qalmaqal yaradım. Elə insan var, adını çəkəndə, o barədə danışmaq istəməmişəm. Heç vaxt qalmaqallardan qaçmamışam, sənətimlə, işimlə məşğulam. Bizim işimiz çətin işdir. Baş daşdan- daşa dəyir. Aktyor və həkimlik sənəti hər zaman göz qabağındadır. Tamaşaçı səni qəbul etmirsə, heç kimə lazım deyilsən.


-“Yoldaşım şikayətlənir”
-İçimdə nə qədər kədərim olsa da, tamaşaçıya bunu göstərmərəm. Onların üzünə hər zaman gülərək baxacam. Evdə uşaqların anası ciddiliyimdən şikayətçidir. Özümü küçədə, teatrda, televiziyada artıqlaması ilə xərcləyirəm. Evə gedəndə isə istər-istəməz yoruluram. Sənət bunu tələb edir- hamıya xoş münasibət göstərməliyik, üzlərinə gülməliyik.


-“Ordan burdan” niyə bitdi?
-“Ordan burdan” verilişi 1989-cu ildə start götürdü. 1990-cı il 20 yanvar hadisələrindən sonra isə yayımını dayandırmalı olduq. Bir neçə ildən sonra yenidən verilişi bərpa etdik, amma 2006-cı ildə Rəhmanın oğlu rəhmətə getdi və artıq o enerji qalmadı. Cütlüyün fəaliyyətini beləcə yekunlaşdırdıq. Bəli, o dövrdə biz də qadın paltarları ilə səhnəyə çıxmışıq amma bizim də çərçivələrimiz var idi. Övladlarım böyüyəndən sonra özümə sual verdim: “Nə vaxta qədər qadın paltarları geyinəcəyəm?”. Teatrda isə aktyorun qadın paltarı geyinməsinin əleyhinə deyiləm. Buna normal baxıram və hətta “Qısqanc ürəklər” tamaşasında hamilə qadın paltarında rol ifa edirəm.

-Seriallar
-Seriallarla məşğul olmağa vaxtım yoxdur. Üstəlik də görürsünüz də seriallarımız nə gündədir. İstəmirəm ki, tamaşaçı kanalı çevirsin. Hələ ki, maraqlı serial görmürəm.


-“Verilişlər camaatın zövqü ilə qurulur”
-İndi “Göstər özünü”, “Xalqın artisti” verilişlərini aparıram. Hələ ki, davam edir. Camaat tərəfindən də baxılır. Verilişlər camaatın zövqü ilə qurulur. Bir vaxtlar camaat “Yeriniz məlum”a diqqətlə baxırdı. 2001-ci ildən 2007-ci ilə qədər o verilişin aparıcısı oldum. İndi həmin verilişi bərpa etsək, ona baxan olmayacaq. İndiki zəmanə də bu cür verilişləri tələb edir. “Göstər özünü” pis veriliş deyil. Türkiyədə də bu səpkili verilişlər var. “Göstər özünü” xalq tərəfindən baxılır, reytinqi var. ANS elə kanaldır ki, verilişin reytinqi olmasa, onu bağlayar.


-İstirahət
-Yay aylarında “Göstər özünü” verilişi rayonlara səfər edib, orda çəkilişlərini gerçəkləşdirəcək. 10-15 gün istirahət edə bilsəm, çox sevinəcəm. İmkanım olsa bu istirahəti ailəmlə birgə xarici ölkədə keçirəcəm.


Nərmin Muradova


Müəllif: