28 İyul 2015 21:18

Asim Mollazadənin sözlərinə görə, Donald Tuskun bəyanatları Prezident İlham Əliyevin uğuru kimi qiymətləndirilə bilər

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev ilə görüşərək, Dağlıq Qarabağ problemi də daxil olmaqla bir çox məsələləri müzakirə edib. “Kaspi” qəzeti Avropa İttifaqı Şurası prezidentinin səfəri haqqında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin fikirlərini öyrənib.

- Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərini necə qiymətləndirirsiniz?
- Avropa İttifaqının Azərbaycan ilə münasibətlərini inkişaf etdirmək, çoxşaxəli əməkdaşlığı davam etdirmək üçün bu qurumun prezidenti ölkəmizə səfərə gəlib. Azərbaycan da Avropa İttifaqı ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır. Ölkəmiz Avropanın təhsil və səhiyyə də daxil olmaqla bir çox sahələrdə təcrübəsindən bəhrələnməyə çalışır. Həmçinin ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır. Bakı Brüssel ilə yeni nəqliyyat dəhlizinin yaradılmasında da əməkdaşlıq etmək istəyir. O cümlədən Avropa İttifaqına daxil olan ölkələr Azərbaycanın multikulturazilm sahəsində əldə etdiyi təcrübədən də yararlana bilər. Ölkəmizdə fərqli mədəniyyətlərə, dinlərə məxsus olan xalqlar sülh və firavanlıq şəraitində yaşayır. Hazırda Avropada islamafobiya, antisemitizm daha da güclənib. Buna görə də Avropa İttifaqı bizim bu sahədə əldə etdiyimiz təcrübədən, nailiyyətlərdən faydalana bilər. Bu cür qarşıdurmaların həllinin açarı Azərbaycandadır. Azərbaycan dövləti Avropa İttifaqını bu sahədə əməkdaşlıq etməyə də dəvət edir.

- Donald Tuskun səfəri Azərbaycan ilə Avropa İttifaqı arasında soyuq münasibətlərin aradan qalxmasına necə təsir göstərəcək?
- Avropa İttifaqında fəaliyyət göstərən erməni lobbisinin, düşmənçiliklə yaşayan bəzi dairələrin Azərbaycanı ləkələyə bilməyəcəyini bu qurumun siyasətçiləri başa düşdülər. Ona görə də Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsi bu qurum üçün çox böyük əhəmiyyətə malikdir. Bundan sonra mən bu qurum ilə Azərbaycan arasında əlaqələrin yenidən inkişaf edəcəyini düşünürəm. Bu səfərlə Avropa İttifaqı Azərbaycanın maraqları ilə hesablaşdığını göstərdi.

- Avropa İttifaqı Şurası prezidentinin səfəri bu qurumun öz səhvini etiraf etdiyini göstərirmi?
- Əlbəttə, bu belədir. Avropa İttifaqı Cənubi Qafqazın ən böyük və güclü dövləti olan Azərbaycan ilə son dövrlərdə düzgün əlaqələr qurmadığını başa düşdü. Ona görə də Brüssel Bakı ilə qarşılıqlı maraqlara uyğun olaraq sıx əməkdaşlıq etmək istədiyini göstərir. Bu, hər iki tərəf üçün vacib amildir. Avropa İttifaqının bu cür yanaşması ölkəmizin maraqlarına da uyğun gəlir. Ölkəmiz öz maraqları çərçivəsində bu qurum ilə münasibətlərin daha da inkişaf etdirilməsinə həmişə can atacaq.

- Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında Avropa İttifaqı haqqında səsləndirdiyi fikirlərin bu səfər ilə əlaqəsi varmı?
- Mən düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bu quruma açıq və dürüst mesaj verdi. Donald Tuskun verdiyi bəyanatlar Azərbaycan Prezidentinin uğuru kimi qiymətləndirilə bilər. Azərbaycana qarşı ideoloji kampaniya aparan qüvvələr anlamalıdır ki, ölkəmizlə bu tərzdə, yəni təzyiq dili ilə danışmaq olmaz. Bizə heç bir dövlət yuxarıdan aşağı baxa bilməz. Azərbaycan bütün dövlətlər və təşkilatlarla bərabərhüquqlu əlaqələrin qurulmasında maraqlı olduğunu hər zaman bəyan edib. Dövlətimiz müstəqilliyinə böyük əhəmiyyət verir və bunu ölkə rəhbərliyi yürütdüyü siyasətdə göstərir. Biz müstəqilliyimizi strateji dəyər kimi qoruyur və müdafiə edirik.

- Donald Tusk Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyini dəstəklədiyini və qondarma Dağlıq Qarabağ respublikasını tanımadığını bildirib. Avropa İttifaqı bundan sonrakı dövrdə Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə yardım göstərə bilər?
- Azərbaycan dövləti ilk növbədə Avropa İttifaqında bu münaqişənin beynəlxalq hüququn dəyərləri əsasında həll edilməsi istiqamətində bir baxış formalaşmasını istəyir. Dövlətimiz öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan bu münaqişənin sülh yolu ilə həll edilməsini səbirlə gözləyir. Buna görə də Azərbaycan Avropa İttifaqı başda olmaqla bütün beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcəyinə ümid edir. Lakin Avropa İttifaqı hazırda təcavüzkar dövlətə, yəni Ermənistana təzyiq göstərmir. Bu münaqişənin uzun müddət həll edilməməsinin səbəblərindən biri də budur. Belə bir yanaşma Ermənistanın özünü “ərköyün dövlət” kimi aparmasına gətirib çıxarıb. Yəni bu dövlət öz hərəkətlərinə görə heç bir qurum tərəfindən sorğulanmır. Lakin Ukrayna məsələsində Rusiyaya qarşı sanksiyalar qəbul olunub. Yəni Krımı işğal etdiyinə görə Rusiya tərəfi cəzalandırılıb. Amma Ermənistan dövlətinə işğalçı siyasətinə görə heç bir təzyiq göstərilmir. Bu, ikili standarların olduğunun bariz nümunəsidir. Ermənistan daha kobud surətdə beynəlxalq hüquq normalarını pozub. Bu, çox ciddi məsələdir. Biz həmişə bu haqda tərəfdaşlarımızla müzakirələr aparırıq. Avropa İttifaqı yalnız Ermənistana təzyiq göstərməklə, bu dövlətə qarşı sanksiyalar tətbiq etməklə münaqişənin həllində yardımçı ola bilər.


Müəllif:
Загрузка...