2 Aprel 2016 16:23

"Azərbaycan ordusu səngərdə formalaşan ordudur"

Teleqraf.com Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə müsahibəni təqdim edir.

- Bahar xanım, cəbhə bölgəsində yaşanan gərginliyi necə qiymətləndirirsiniz?
- Müdafiə Nazirliyinin bəyan etdiyi məlumatdan kənar fikir söyləmək istəməzdim. Bütün məlumat daşıyıcılarına, informasiya alan və ötürənlərə tövsiyəm odur ki, yalnız təsdiq edilən informasiyalara istinad etsinlər. Vəziyyət Müdafiə Nazirliyinin verdiyi məlumatda ifadə edildiyi kimidir. Ermənistan tərəfinə və ya təsdiq edilməyən mənbələrə istinadən verilən məlumatların əsası yoxdur.

Doğrudur, məlumatda göstərildiyi kimi proses davam edir. Erməni tərəfinin yaydığı məlumatların bir çoxunun yanlış isə olduğu Müdafiə Nazirliyimiz tərəfindən qeyd olunub. Hesab edirəm ki, ajiotaş yaratmağa və əhalini, dinc sakinləri təlaşa salmağa ehtiyac yoxdur. Azərbaycan Müdafiə Nazirliyi və onun müvafiq bölmələri öz işi ilə məşğuldur. Erməni tərəfinin törətdiyi təxribatın qarşısını alırlar. Azərbaycan Ordusunun qüdrəti, texniki imkanları, psixoloji ruhu imkan verir ki, bu kimi halların qarşısı vaxtında alınsın.

- Cəbhədə müşahidə olunan vəziyyətdən dərhal sonra Rusiya müdafiə naziri Azərbaycan və Ermənistandandakı həmkarları, eləcə də xarici işlər naziri Segey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə əlaqə saxlayıb. Baxmayaraq ki, Rusiyanın bu aktivliyi fonunda digər həmsədr ölkələr susur. Bu faktı necə şərh edərdiniz?
- Hesab edirəm ki, Minsk qrupunun həmsədri olan ölkələrin reaksiyaları anlaşılandır. Bu belə də olmalıdır. Əgər maraqlanmasaydılar, biz də buna uyğun münasibətimizi ifadə edərdik. Rusiya tərəfi maraqlanır, narahat olduğunu bildirir, tərəflərə atışmaya son qoymağı tövsiyə edir. Ancaq mən düşünürəm ki, ilk olaraq həmsədrlər məsələyə birgə münasibətini ifadə etməlidir. Cəbhədə belə insdentlərin niyə baş verməsinin səbəbi də aydındır.

Vəziyyətin gərginləşməsinin yeganə səbəbi Ermənistan qoşunlarının Azərbaycan ərazisində olması, təcavüz siyasətinin davam etməsi, döyüşlərin Azərbaycan ərazisində keçirilməsidir. Bundan ən çox əziyyət çəkən Azərbaycan vətəndaşları və əraziləridir. Odur ki, biz marağındayıq ki, Minsk Qrupunun həmsdərləri həm ayrı-ayrılıqda, həm də birlikdə məsələyə mövqe ifadə etsinlər. Həmçinin status-kvonun dəyişilməli olduğunu vurğulayaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərinin tərk etməsini qeyd etsinlər. Yalnız bu şəkildə biz məsələnin həllinə doğru irəliləyə bilərik.

Amma indiki şəraitdə Minsk Qrupu ancaq lokal döyüşlərin dayandırılmasını əsas məqsəd kimi qarşıya qoyacaqsa, bu, bizi qane etməyəcək. Hədəf münaqişənin həll edilməsidir. Bunun üçün də Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk etməlidir.

- Azərbaycan Prezidenti Amerikada rəsmi səfərdədir. Dövlət başçısının burada olmadığı şəraitdə cəbhədə gərgin durumun yaradılması Sizcə, təsadüfidirmi?
- Ermənistan tərəfinin hərəkətlərində təsadüf axtarılmasının əleyhinəyəm. Onlar məqsədyönlü və ardıcıl olaraq işğal etdikləri ərazilərin hüququ cəhətdən tanınması istiqamətində iş aparırlar. Bunun üçün də bütün yollardan istifadəyə cəhd edirlər. Həm "erməni soyqırımı"nın hüquqi cəhətdən tanıdılması üçün ayrı-ayrı ştat və dövlətlərə müraciət edirlər, bu və ya digər qərarların verilməsinə nail olurlar. Bəzən qərar verən stat və ölkələr sonradan aldanıldıqlarını da qeyd edirlər. Yəni Ermənistanın fəaliyyəti ancaq bir istiqamətdə deyil. Onlar bütün yollardan istifadə edirlər.

Bu mənada prezidentlərin ölkədə olub-olmaması onlar üçün elə də əhəmiyyət kəsb etmir. Çünki bu onlar üçün davamlı prosesdir. Bəlkə də, başqası üçün indi cəbhədə baş verənlərin bir qədər iri miqyaslı olduğu səbəbindən təəccüblü gələ bilər. Amma bizim üçün yeni bir şey yoxdur. Bu insdentlər gündəlik davam edir. Təmas xəttində yerləşən rayonun deputatı olaraq mən bu insdentlərin gecə-gündüz davamlı olduğunu təsdiqləyə bilərəm.

İndi əhəmiyyət daşıyan beynəlxalq tədbirdə prezidentlərin iştirak etdiyi zaman bu məqamın ortaya çıxması, əlbəttə, Ermənistanın növbəti dəfə dünya ictimaiyyətinə, Minsk Qrupunun həmsədrlərinə və ABŞ-a meydan oxuması deməkdir. Yəni siz beynəlxalq təhlükəsizlik konfransında nədən istəyirsiniz danışın, region və dünya üçün təhlükəsizlik məsələlərini nə qədər istəyirsiniz müzakirə edin, bizsə öz bildiyimizi davam etdiririk. Onlar bu mövqelərini bir daha ortaya qoyurlar.

Nəzərə alaq ki, bu gün həm də Kəlbəcər rayonunun işğalının növbəti ildönümüdür. Odur ki, cəbhədə baş verənlər Kəlbəcər işğalını “qeyd etmək” kimi də qiymətləndirilə bilər. Amma məlumatlardan da açıq görünür ki, Azərbaycan tərəfi onların kefinə soğan doğramaq üçün lazım olan hər şeyi edə bilib və edir.

- Azərbaycan Ordusunun düşmənə cavab vermək, iri çaplı hücum əməliyyatları təşkil etmək və işğal edilən ərazilərimizi azad etmək imkanlarını necə dəyərləndirisiz?
- Azərbaycan Ordusu buna hazırdır. Azərbaycanın müdafiə sistemi mükəmməl sistemdir. Bizim müasir silah-sursatımız, hərbi texnikamız var. Eyni zamanda yüksək səviyyədə təlim görən şəxsi heyətimiz var. Biz bu illər ərzində məhz səngərdə formalaşan ordu haqqında danışırıq. Azərbaycan Ordusu dinc dövrdə deyil, səngərdə formalaşan ordudur. Belə ordu yarandığı şəraitə əsasən, özünə lazım olan vərdişləri aşılayır.

Hesab edirəm ki, bütün bu keyfiyyətləri əxz edən ordumuzun imkanları Ermənistanı dəfələrlə üstələyir. Bunun üzərinə iqtisadi və hərbi qüdrət baxımından üstünlüyümüzü də gəldikdə məlum olur ki, ermənilər öz havadarlarına istinad edərək insdentlər törədə bilərlər. Amma bilsinlər ki, Azərbaycan Ordusu 90-cı illərin ordusu deyil və Ermənistan ordusunu qısa müddətə məğlub etməyə qadirdir.

Nemət


Müəllif:
Загрузка...