9 May 2016 16:50
3 940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Cümşüd Nuriyevlə müsahibəni təqdim edir:

- Azərbaycanla Ermənistan arasında müharibə başlayacağı barədə xəbərlər dolaşır. Cəbhədə və diplomatik səviyyədə müşahidə olunan proseslərin mahiyyəti müharibə olacağına dəlalət edirmi?

- Aprel hadisələri göstərdi ki, dünya Azərbaycanın Ermənistanla müharibə etməsini istəmir. Azərbaycan rəhbərliyi də məsələnin sülh yolu ilə həll edilməsini istəyir. Müharibə bütün hallarda itki və dağıntı deməkdir. Hazırda Azərbaycan müharibə variantını seçmir. Gələcəkdə ola bilsin ki, müharibə variantı seçilə bilər. Başqa sözlə, Azərbaycan istədiyi zaman bu addımı ata bilər. Lakin bu gün üçün müharibə variantı aktiv deyil.

- Ancaq hər iki tərəf cəbhə xəttinə öz ağır texnikasını toplayır...

- Ermənistanın nə normal ordusu, nə də ağır texnikası var. Azərbaycanla Ermənistan müqayisə ediləsi səviyyədə deyil. İstər hərbi, istər insani resurs, istərsə də iqtisadi və hərbi hazırlıq baxımından müqayisə gəlməyəcək dərəcədə fərqlilik var. İndi Ermənistan daxili problemlərini həll etmək üçün belə şeylərə gedir. Ancaq bu, o demək deyil ki, Azərbaycan öz işini görməməlidir. Azərbaycan müdafiə təhlükəsizliyi ilə məşğuldur və lazım olan tədbirləri həyata keçirir.

- Şuşanın işğalından 24 il ötdü. Siz bu kimi məsələlərdə informasiyalı şəxslərdən hesab olunursunuz. Bu haqda nə deyə bilərsiniz?

- Şuşanın işğal ediləcəyi barədə mən 1992-ci ilin mayın 5-də çıxış etmişəm. Çünki bununla bağlı mənə informasiya daxil olmuşdu. Bu haqda da parlamentə danışaraq ehtiyatlı olmağı və tədbirlər görməyi vacib saymışam.

- Hansı məlumata əsasən belə demişdiniz?

- Mən Şuşanın işğalından əvvəl İraqa səfər etmişdim. Həmin vaxt Səddam Hüseynin qəbulunda idim. Əvvəl oğlu Udayla görüşdüm, sonra Səddam Hüseynin qəbulunda olduq. Orada bu məsələ qalxdı. Tərcüməçi rusdilli idi. Tərcüməçi dedi ki, burada söhbət getdi ki, Şuşa işğal ediləcək. Bundan başqa söz deyilmədi. Həmin tərcüməçi sonradan Moskvada səfir oldu. Mən də bu söhbətdən sonra dərhal geri qayıtdım və Milli Məclisin iclasında bunu səsləndirdim. Sanki məni eşitmək istəmədilər, kimsə məni eşitməkdə maraqlı deyildi. Sanki kimlərinsə bundan xəbəri var idi və bu razılıq olubmuş. Əslində, Şuşanın müdafiəsinin təşkilinin pozulması, burada olan əsgərlərin bir həftə əvvəl buraxılması və s. halların fonunda indi demək olar ki, Şuşanın işğalında kimlərinsə marağı olub. Ancaq yerli şuşalıların burada heç bir günahı yoxdur. Çünki heç kəs istəməzdi ki, evindən, yurdundan olsun. Burada əsas Rusiyanın maraqları var idi. O dövrdə Azərbaycanda özbaşınalıq var idi. Şuşa, Laçın da bunun qurbanı oldu.

- Türkiyədə baş verən prosesləri, baş nazir dəyişikliyini necə qiymətləndirirsiniz, bunun ölkəmizə təsiri olacaqmı?

- Türkiyədə baş verən hadisələr Azərbaycandan yan ötmür. Ərdoğanın yürütdüyü açılım siyasəti özünü doğrultmadı, əvəzində cəmiyyətdə qarşıdurma yaratdı. Türkiyə fundamental islam dövləti istiqamətində gedir, burada gülənçilərlə Ərdoğanın tərəfdarları arasında da mübarizə mövcuddur. Biz istərdik ki, Türkiyədə qarşıdurma olmasın. Çünki bunun nəticəsi Azərbaycan üçün də ağrılı olur. Ən azı bizim qardaş dövlətimiz olduğuna görə, bu ağrıları öz üzərimizdə hiss edirik. Düzdür, dünyadakı coğrafi nəzəriyyələrə baxsaq, hazırda Azərbaycan Avropanın Asiyaya açılan qapısıdır. Eləcə də Asiyanın Avropaya açılan qapısıdır. Bu da, Azərbaycanı dünyada diqqət mərkəzinə çəkir. Çoxları Azərbaycanı özünə tabe etdirmək istəyir. Azərbaycan da bundan uğurlu formada qorunur. Türkiyədə bizə dost və qardaş dövlətdir. Biz də istərdik ki, bu ölkədə hər şey normal olsun. Türkiyənin bölünmə ehtimalı çətindir. Amerikanın belə bir planı var. Bu plan 1997-ci ildə hazırlanmışdı, 2008-ci ildə çap edilib. Məqsəd Türkiyə, İraq və İranı parçalamaq və Kürdüstan adlı dövlət yaratmaqdır. Bu plana görə, Türkiyə indiki ərazisinin 40 faizini itirir. Ancaq bunu etmək mümkün deyil. Türkiyə buna heç vaxt imkan verməz.

Nemət


Müəllif: