16 Dekabr 2017 21:39

1979-cu il dekabrın 16-da Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi, tanınmış cazmen, milyonların ürəyini fəth etmiş Vaqif Mustafazadə həyatdan köçüb.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin dəstəyi ilə dekabrın 16-da Vaqif Mustafazadənin ev-muzeyində görkəmli cazmenin xatirəsinə həsr edilmiş konsert olub.

Konsertdən əvvəl muzeyin direktoru Afaq Əliyeva Vaqif Mustafazadənin həyat və yaradıcılığı, ölməz irsi barədə danışıb.

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Asəf Zeynallı adına Musiqi Kollecinin məzun və tələbələrinin ifasında tanınmış bəstəkarın əsərləri səsləndirilib. Konsertdə musiqi və incəsənət xadimləri, Bakı muzeylərinin əməkdaşları və bəstəkarın yaradıcılığının pərəstişkarları iştirak ediblər.

Qeyd edək ki, Vaqif Mustafazadə “Tallinn-66”, “Tallinn-67” festivallarının, “Caz-69” Bakı festivalının, 1977-ci ildə Donetskdə Ümumittifaq caz festivalının, ona ən yaxşı pianoçu adını qazandıran “Tbilisi-78” caz festivalının laureatı olub. 1979-cu ildə Monakoda keçirilən Beynəlxalq caz müsabiqəsində birinci mükafata layiq görülüb.

Vaqif Mustafazadə dinləyicilərini özünəməxsusluğu və virtuoz texnikası ilə məftun edirdi. O, ilk dəfə Azərbaycan muğamını caz ilə sintez edərək cazda yeni cərəyanın təməlini qoyub. Bəstəkar 1972-ci ildə ona dünya şöhrəti gətirən məşhur “Əlvida” əsərini yazıb.


Müəllif: Teleqraf.com
Загрузка...