17 Aprel 12:24
285

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Dadaşovun “Müasir Azərbaycan kinosu” kitabı çapdan çıxıb.

Teleqraf.com xəbər verir ki, Teas Press Nəşriyyat evində çap olunan monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan filmlərində sənətkarlıq məsələləri, Qarabağ münaqişəsinin bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi problemlər araşdırılır.

Kitabda müstəqillik illərində Azərbaycanda çəkilmiş, demək olar ki, bütün kinofilmlər əsərdə geniş təhlil olunur. Az qala hər bir ekran əsəri, oradakı personajların xarakteri ayrı-ayrılıqda araşdırılır, obrazlar təhlil olunur, ssenarist, rejissor və operatorların, aktyorların, ümumiyyətlə bütün yaradıcı heyətin işi ciddi tənqid süzgəcindən keçirilir.

Əsər müstəqillik dövrü Azərbaycan kinosunun "Yarasa", "Güllələnmə təxirə salınır", "Sonuncu dərviş", "Ovsunçu", "Qisas almadan ölmə", "Haray", "Yaddaş", "Fəryad", "Hər şey yaxşılığa doğru", "Yalan", "Əlvida, cənub şəhəri", "Arxada qalmış gələcək", "Dolu", "Nabat" və daha neçə-neçə nümunələri əsasında aparılmış ilk elmi araşdırmaların məhsuludur.

Təəssüf, kitabın çapını görmək müəllifə qismət olmayıb. O, kitabın mətbəədən gəlməsindən bir neçə gün əvvəl dünyasını dəyişib. Bu əsər 25-dən artıq kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin, 60-dan artıq filmin ssenari müəllifi, rejissoru, redaktoru, direktoru olan tanınmış kinoşünas, professor Aydın Dadaşovun yaradıcılığının son akkordu oldu.

Pərvin


Müəllif: