20 Aprel 2017 10:18
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici siyasət kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır”.

Bu barədə President Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yazıb.

O qeyd edib ki, bu mənada beynəlxalq normaların həyata keçirilməsi məsələsi ölkənin ərazi bütövlüyünün təmin edilməsi kimi əsas vəzifənin tərkib hissəsinə çevrilir: “Situasiyanı mürəkkəbləşdirən amillərdən biri həmin istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən daim maneələrin olmasıdır.

Burada müəyyən mənada qapalı dairə yaratmaq cəhdləri hiss olunur: bir tərəfdən, Azərbaycandan əhalinin əsas azadlıq və hüquqlarının təmin edilməsi tələb edilir, digər tərəfdən isə, bunun üçün əlverişli beynəlxalq mühit yaratmaq cəhdlərimizə əngəl yaradılır. Müstəqillik əldə etdiyimiz dövrdən bu yana həmişə süni problemlərin yaradıldığının şahidi olmuşuq. Onların sırasında “Azadlığa Dəstək Aktı”na olan məlum 907-ci düzəlişi, Ticarət Aktına edilən Cekson-Venik düzəlişini, Avropa Şurasının söz azadlığı və “siyasi məhbuslar”la bağlı daha çox keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq aparılan kampaniyanı, milli azlıqlarla əlaqəli sayı bitməyən monitorinqlərin təşkilini (Cənubi Qafqazın digər ölkələrinə bu cür münasibət bəslənilmir) və başqalarını misal gətirə bilərik”.

O qeyd edib ki, dövlətin xarici siyasətində indi də bu prosesi inkişaf etdirmək mühüm yer tutur: “Artıq dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqı və dövlətinin maraqlarını müdafiə edə biləcək beynəlxalq himayə mexanizmi yaranıb. Ölkəmiz demək olar ki, bütün beynəlxalq qurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində dünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşıb və bu təsəvvür artıq oturuşub. Hesab etmək olar ki, bu, Azərbaycanın xarici siyasətinin ən sanballı uğurlarından biridir. Azərbaycanın xarici siyasəti qarşısında duran vəzifələrin yerinə yetirilməsi nəticəsində regionda və qlobal miqyasda əsas geosiyasi güclərin maraqlarının tarazlaşdırılması addım-addım reallaşır. Bu, həmin dövlətlərin heç birinin təsiri altına düşmədən Azərbaycanın dövlət maraqlarını təmin etmək şansı verir.

Hətta Cənubi Qafqazın ən böhranlı dövrlərində belə Azərbaycan çevik reaksiyalar hesabına həmin tarazlığı saxlaya bilib. Bu da xarici siyasətin qlobal təhlükəsizlik meyarları ilə regional təhlükəsizlik meyarları arasında uzlaşma nöqtələrini tapa bildiyini sübut edir. Xarici siyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb. Ölkə 20 ildən bir qədər artıq müddətdə enerji sahəsində beynəlxalq əhəmiyyətli iki layihənin təməlini qoyub, regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Azərbaycan perspektivli iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlər və dinlərarası dialoqun sivil modelini təklif edən dövlət kimi qəbul edilir”.


Müəllif: