16 İyun 15:30

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raundu ilə bağlı geniş müzakirələr aparılıb və saziş layihəsi üzərində işin bu ilin sonunda keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin zirvə toplantısına qədər yekunlaşacağına inam ifadə olunub.

Saziş layihəsi üzrə danışıqların növbəti mərhələsinin iyul ayında keçiriləcəyi bildirilib.

E. Məmmədyarov saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılmasının müsbət hal olduğunu deyib və danışıqların bu mərhələsində əsasən siyasi və ticarət məsələlərinin müzakirə olunduğunu qeyd edib. O həmçinin ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin region üçün əsas təhdid olduğunu deyən E. Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib. O əlavə edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və Ermənistanın işğala əsaslanan “status-kvo”nu saxlamaq siyasəti münaqişənin həllində irəliləyişə nail olmağa imkan vermir.

E. Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi Aİ tərəfindən həlli uzadılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb.

Avropa İttifaqının komissarı Yohannes Han 15 iyun-Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb və Aİ ilə Azərbaycan arasında nəqliyyat, ticarət, uzlaşma (connectivity) və enerji sahəsində praqmatik və praktiki əsaslı əməkdaşlığın mövcud olduğunu bildirib.

Görüşdə Aİ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət HƏMİD