13 Oktyabr 09:28
220

Oktyabrın 15-də Qırğızıstanda növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə 12 namizəd iştirak edəcək. İndiki Prezident Almazbek Atambayev namizədliyini irəli sürməyib, çünki konstutisiya ilə onun belə bir səlahiyyəti yoxdur. Lakin Qırğızıstan rəhbərinin namizədlər arasında Sooronbay Jenbekovu müdafiə etdiyi şübhə yaratmır. Jenbekov baş nazir postundan istefa verərək seçki marafonuna qatılıb. Maraqlısı odur ki, Qırğızıstanda seçkilər artıq Bişkek-Astana münasibətlərində çat yaradıb. Hazırda iki ölkə arasında sərhəd keçid məntəqədlərində insan növbələri yaranıb.

Müşahidələr isə göstərir ki, Orta Asiyada yerləşən bu iki qardaş dövlətin arasında yaranan gərginlik Qırğızıstanda keçirilən prezident seçkilərindən qaynaqlanır. Hazırda Qırğızıstan hökumətinin alt qatlarda müdafiə etdiyi prezidentliyə namizəd Sooronbay Jenbekovun əsas rəqibi Omurbek Babanov sentyabrın 19-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşüb. Bu görüş Qırğızıstan hakim siyasi elitasında ciddi narahatlıq yaradıb. Hətta Prezident Atambayev Nursultan Nazarbayevi Qırğızıstanın daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.

Politoloq Qabil Hüseynli Teleqraf.com-a bu iki türkdilli ölkə arasında yaranan problemi şərh edib. Onun fikrincə, Qazaxıstan və Qırğızıstan arasında müşahidə edilən gərginlik əslində süni yaradılıb:

“Qırğızıstan Prezidenti Atambayev bir qədər küyə gedən adamdır. Məncə, Atambayev hansısa dairələr tərəfindən qızışdırılır. Bu dairənin Kremli olduğunu da istisna etmirəm. Çünki Kreml daim Atambayev haqqında kompilimentlər işlədir. Üstəlik də Atambayevin respublikada demokratik seçkilər keçirəcəyi haqda yağlı vədlər verməsi də diqqətdən yayınmır. Son dövrlər Qırğızıstanda prezidentliyə namizədliyini irəli sürən Baş nazirin sabiq müavini Omurbek Babanovun Astanaya gedərək, Nursultan Nazarbayevlə görüşməsi Prezident Atambayevin fantaziyası üçün genuiş imkanlar açıb. Qırğızıstan prezidenti Qazaxıstanın Qırğızıstanda prezident seçkilərinə qarışması haqda fikirlər səsləndirir. Atambayev hər dəfə bu barədə danışanda tənqidinin duzunu artırır, hətta Nazarbayevi aşağılayan fikirlər səsləndirir. Və bəyan edir ki, kimlərinsə anti-demokratik üsullarla Qırğızıstanda prezidentlik kürsüsünə öz adamını əyləşdirməsinə imkan verməyəcək. Əslində ortada bir şey yoxdur, sadəcə Atambayev səs-küy yaradır”.

Politoloq qeyd edib ki, Qırğızıstan demokratik ənənələrinə görə Orta Asiya respublikalarını qabaqlayır:

“Ancaq məsələ ondadır ki, Nazarbayevin avtoritar təfəkkürlü adamı Qırğızıstanda iş başına gətirmək niyyəti yoxdur və əslində bunu bacarmaz da. Nazarbayev türk birliyinin, prezidentlər səviyyəsində türkdilli dövlətlərin sammitinin keçirilməsinin qızğın tərəfdarlarından biridir. Atambayevin durmadan Nazarbayev haqqında danışması siyasi etikadan kənara çıxır, az qala iki ölkə arasında qarşıdurma səviyyəsinə gəlib çatır. Artıq bunun nəticəsi də var. Qırğızıstanla Qazaxıstan arasında sərhədlər bağlanıb, böyük insan tıxacı yaranıb. Nəticədə hər iki ölkə bu söz polemikasından əziyyət çəkir. Əlbəttə, Qazaxıstan nəhəng iqtisadiyyatı olan, Qırğızıstan isə kasıb ölkədir. Bu prosesdə də əzab çəkən qırğızlardır. Nəzərə almaq lazımdır ki, Qırğızıstandan Qazaxıstana gedən muzdlu işçilərin sayı az qala 1 milyon nəfərdir. Bu halda abırına qısılıb öz ölkəsinin rifahı haqqında düşünmək əvəzinə Atambayev qırğızların gedib Qazaxıstanda işləyərək pul gətirməsini qınayır. Məncə, bu süni qarşıdurmadır və Qırğızıstan rəhbərliyinə baş ucalığı gətirməz”.

Qabil Hüseynli hesab edir ki, əgər münasibətlərdə gərginliyə səbəb olan prezidentliyə namizəd Omurbek Babanovun Nursultan Nazarbayevlə görüşüdürsə, buna ciddi əsas kimi baxmaq doğru olmazdı:

“Çünki Qırğız hakimiyyətinin namizədi kimi təqdim edilən Sooronbay Jenbekovun özü də bu ilin yayında Nazarbayevlə görüşüb və bir ağsaqqal kimi ondan xeyir-dua alıb. Ancaq nədənsə bu görüşdən sonra Qırğızıstan prezidenti narazılığını ifadə etməyib”.

Sonda müsahibimiz xatırladıb ki, Rusiya son zamanlar Nazarbayevə ehtiyatla yanaşır:

“Rusiya Qazaxıstana qarşı da ərazi iddialarının olduğunu Putinin dili ilə deyil, ikinci və üçüncü şəxslərin dili ilə səsləndirir. Son vaxtlar Nazarbayevin türkpərəst siyasət yeritməsi, o cümlədən Azərbaycanın mövqeyini açıq müdafiə etməsi, Ermənistana qarşı sərt mövqedə oması, bu mövqeyinin Belarus tərəfindən dəstəklənməsi ola bilsin ki, Kremli qəzəbləndirir. Üstəlik Astananın latın əlifbasına keçidi, türkdilli xalqlar və dövlətlərlə ciddi münasibətlər saxlaması Moskvada xoş qarşılanmır. Atambayev də Putinin dilmancı funksiyasını yerinə yetirərək yaranan imkandan istifadə edib Nazarbayevin nüfuzuna zərbə vurmaq istəyir”.


Müəllif: Cavad