18 May 2018 19:57
1 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri ilə üzrə idarəsinin rəisi Aleksey Pavlovski qondarma “DQR”, Dnestryanı, Cənubi Osetiya və Abxaziya “respublikaları”nın nümayəndələri ilə görüşüb.

Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bunu regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib. O qeyd edib ki, bu, heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyil.

H.Hacıyev Azərbaycanın etirazı və ciddi narahatlığının Rusiya Xarici İşlər Nazirliyinə diplomatik kanallarla çatdırılacağını vurğulayıb.

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib:

“Bəlkə də kimlərinsə xoşuna gəlməyəcək, amma mən öz fikirlərimi diplomatiyadan kənar, səmimi şəkildə ifadə etmək istəyirəm. Əvvəla, Rusiya böyük dövlətdir və bizim qonşumuzdur. Biz bütün tarix boyu, xüsusilə də müstəqillik əldə etdikdən sonra həmişə Rusiya dövləti ilə münasibətlərimizi yaxşı saxlamağa, inkişaf etdirməyə, bütün sahələrdə əməkdaşlıq etməyə çalışmışıq və buna nail olmuşuq. Ancaq tarixin bütün dövrlərində Rusiya tərəfindən bu əməkdaşlığın qarşılığında bizə qarşı əksər hallarda xoşagəlməz hallar olub. Bunu inkar etmək, danmaq olmaz. Bu, çar Rusiyası dövründə də, onun ardınca gələn Sovetlər İttifaqı dövründə də olub. Hazırkı Rusiya Federasiyası dövründə də davam edir. Baxmayaraq ki, onlar da Azərbaycanın qonşu ölkə olduğunu, Azərbaycanla əməkdaşlıq etdiklərini, tərəfdaş, dost olduqlarını deyirlər”.

E.Məmmədov əlavə edib ki, ancaq bu sözlərin arxasında Azərbaycan üçün xoş olmayan hərəkətlər də dayanır:

“Birincisi, bax elə bu hərəkətlərdir. Yəni, mən burda da qəribə bir şey görmürəm. Çünki Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün pozulması nəticəsində Cənubi Qafqazda mövcud olan qeyri-qanuni, cinayətkar qurumların bizim çox hörmətli şimal qonşumuz Rusiya tərəfindən yaradıldığı danılmaz faktdır. Yəni, onların təşəbbüsü, iştirakı və rəhbərliyi yaradılıb. Bu qondarma qurumlar, xüsusən, Dağlıq Qarabağdakı qurum Rusiya üçün ögey deyil, özünün yaratdığıdır. Azərbaycan ərazilərinin 1988-ci ildən başlayan işğalı Sovetlər İttifaqının, sonra isə Rusiyanın iştirakı və köməkliyi ilə olub. İndi də qeyri-qanuni həmin separatçı qurumun Rusiyanın müxtəlif şəhərlərində rəsmi olmasa da, qeyri-rəsmi nümayəndəlikləri fəaliyyət göstərir. Orada istehsal olunan müxtəlif ərzaq və digər məhsullar Rusiyanın şəhərlərində satılır. Onların Ermənistan, yaxud öz pasportları ilə Rusiyaya gediş-gəlişi sərbəstdir”.

Deputat daha sonra deyib:

“Biz Rusiyaya bəslədiyimiz dostluq, əməkdaşlıq münasibətlərimizin müqabilində onlardan bu hərəkətləri görəndə təbii ki, narazı qalırıq, inciyirik. Rusiya bir tərəfdən həm qonşu dövlət, həm ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və buna hörmətlə yanaşdığını, digər tərəfdən Azərbaycanın işğal olunmuş ərazisində fəaliyyət göstərən cinayətkar, qondarma qurumla müxtəlif yollarla əlaqə saxlayıb əməkdaşlıq edir. Yəni, sözlə əməl bir-biri ilə uyğun gəlmir. Təbii ki, mən bir Azərbaycan vətəndaşı, bir millət vəkili narazılığımı bildirirəm. Bu, qəbuledilməz, xoşagəlməz haldır”.


Müəllif: Səxavət Həmid