24 May 2018 17:06
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, tarixçi professor Fəzail İbrahimli Teleqraf.com saytının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

– Fəzail müəllim, Prezident İlham Əliyev 2017-ci ilin mayın 16-da müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsinə dair sərəncam imzaladı. Bu sərəncamı necə qiymətləndirirsiniz?

– Prezident İlham Əliyev Azərbaycanın tarixi taleyi ilə bilavasitə bağlı olan hadisələrin, görkəmli ziyalıların, elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsinə dair mütəmadi olaraq sərəncamlar imzalayır. Bu mənada Prezident İlham Əliyevin qeyd etdiyiniz sərəncamı da həmin siyasətin tərkib hissəsidir. Sadəcə olaraq bugünkü müstəqil Azərbaycan Respublikası AXC-nin varisi olduğu üçün Prezidentin bu sərəncamı çox böyük siyasi, mənəvi, elmi tərəfləri birləşdirən sərəncamdır. Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsinə dair sərəncam imzalamaqla kifayətlənmədi. Dövlət başçısı bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini bildirdi. Prezidentin elə həmin gün imzaladığı sərəncamla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu. Artıq burda dəyərlərin hüdudları genişlənir, hüdudları ölçüyə gəlmir. Bu işin mənəvi, siyasi dəyəri daha da güclənir. Prezidentin bunu elan etdikdən sonra sərəncam verməsi bir vətəndaşlıq mövqeyinin ortaya qoyulması, tariximizə baxış, yanaşma, keçmişimizə sevgidir. Sabahımızla bağlı aydın düşüncə yaratmaq istəyindən irəli gələn bir addımdır. Bu mənada bütün ilin Cümhuriyyət ili elan edilməsi olduqca əlamətdar hadisədir. Təbii ki, bu, cümhuriyyət qurucularının ruhuna hörmət, keçmişə ehtiram və sabaha sayğıdır.

– Prezident 2018-ci il yanvarın 18-də 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzaladı. Bəzi tədqiqatçılar hesab edirlər ki, bu üç sərəncama kompleks yanaşılmalıdır. Siz bununla bağlı nə düşünürsüz?

– Mən istərdim məsələyə kompleks yanaşmaq ifadəsindən daha çox “bir gözümüz gülür, bir gözümüz ağlayır” ifadəsini işlədək. İstərdim tariximizə bu prinsiplə yanaşaq. Faciəli, bununla yanaşı şərəf və ləyaqətlə dolu tariximiz var. Mart soyqırımları ilə bağlı sərəncam da bizim tariximizin mübarizə, şərəf dolu, qürur aşılayan bir səhifəsinə olan münasibətdir. Ona görə də bu məsələlərin hər birinə baxış, diqqət, xalqın tarixi taleyi ilə bağlı olan bu məsələlərə münasibət özünəməxsusluq təşkil edir.

– Bəs, bu istiqamətdə görülən işlər bir tarixçi kimi Sizi qane edirmi?

– Kifayət qədər işlər görülür. Görürsünüz, Bakıda və ölkənin bütün şəhər və rayonlarında çoxsaylı tədbirlər keçirilir. Mən özüm az sonra 20 nömrəli məktəb-liseydə cümhuriyyətlə bağlı keçirilən tədbirdə iştirak edəcəm. Bu, mənim gün ərzində iştirak edəcəyim sayca üçüncü tədbirdir. Bu həftənin bütün günləri ayrı-ayrı qurumların tədbirlərində iştirak etmişəm. Azərbaycan bir bayram içindədir. Bütün ölkədə bayram ab-havası hiss olunur. Cümhuriyyət liderləri yad edilir. Onlar haqqında düşünülür. Məsələnin elmi tərəfi ondan ibarətdir ki, onların tarixdəki rolu işıqlandırılır. Deyilən hər bir fikirdə, hər bir sözdə cümhuriyyət qurucularının ruhuna necə deyərlər, rəhmət oxunur. Bunlar hamısı görünən və görülən işlərdir. Amma ilimiz hələ yeni başlayıb. İlin axırınadək cümhuriyyət ilidir, böyük tədbirlər həyata keçiriləcək.

– Buna baxmayaraq, bütövlükdə Azərbaycanın bədxahları olan bəzi insanlar ölkə iqtidarının AXC-yə, onun qurucularına münasibətini qənaətbəxş saymırlar…

– Belə bir fikir var, deyir dəyirman öz işindədir, çax-çax baş ağrıdır. Bu gün Azərbaycan Xalq Cümhuriyətinə, onun liderlərinin irsinə, şəxsiyyətinə kifayət qədər böyük diqqət və hörmət, sayğı var. Təkcə cənab Prezidentin bu ili “Azərbaycan Xalq Cümhuriyyət İli” elan etməsi bu istiqamətdə səslənən bütün mənfi sözlərə, düşüncələrə nöqtə qoyur. Görmüsünüz, bəzən foto verilir, altından yazılır ki, “şərhə ehtiyac yoxdur”. Məncə, həmin sözü bu məqamda işlətmək yerinə düşər. Əgər bütün il boyu bu xalq cümhuriyyət ili ruhunda düşünüb, daşınıb, yaşayıb, hərəkət edirsə, demək, bunun özü bədxahlara ən böyük cavabdır. Onlara bundan güclü cavab ola bilməz.

– Bir tarixçi kimi necə hesab edirsiz, cümhuriyyət ili çərçivəsində hansı addımları atmaq, nələri öyrənmək, tədqiq etmək olar?

– Bütün addımlar atılacaq, yeni tədqiqatlar işıq üzü görəcək. Məsələn, bu günlərdə mənim işlədiyim Bakı Dövlət Universitetində Qafqaz Müsəlmanları İdarəsi ilə birgə “Azərbaycan Cümhuriyyəti-100: müsəlman Şərqində ilk parlamentli respublika” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Üç gün davam edən konfransda Türkiyə, Gürcüstan, ABŞ, Moldova, Rusiya, Küveyt, Polşa, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 30-dək alim iştirak edirdi. O cümlədən ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynoldsun mövzuya dair məruzəsi dinlənildi. Tədbirin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları iştirak edirdilər. Daha bir konfrans Azərbaycan Milli Elmlər Akademiyasında keçirildi. Akademiyanın Tarix İnstitutunda, digər institutlarında, ümümiyyətlə, dövlətin hər bir strukturunda, ictimai təşkilatlarda cümhuriyyətin 100 illiyi geniş qeyd olunur. İnşallah, bu istiqamətdə də böyük uğurlar əldə olunacaq. Televiziya filmlərində, süjetlərdə cümhuriyyətin ayrı-ayrı liderləri ilə bağlı hətta, bizə məlum olmayan müəyyən məqamlara dair məlumatlar açıqlanır. Bunlar hamısı elə cümhuriyyətin 100 illiyinin qeyd olunmasına töhfə və cümhuriyyət ili çərçivəsində görülən tədbirlərdir.

– Tarixçi alim kimi AXC-nin Azərbaycan xalqına verdiyi töhfələri necə sadalaya bilərsiz?

– Bir cavabda bütün bu məsələləri sadalamaq mümkün deyil. Bu gün Azərbaycan dövləti varsa, o, cümhuriyyətə minnətdardır. Ulu öndər Heydər Əliyev deyirdi ki, müasir, müstəqil Azərbaycan Respublikası AXC-nin varisidir. Onlar bizim babalarımızdır, biz onların nəvələriyik. Demək, onların varlığı bizim varlığımıza gətirib çıxarıb. Torpağımız, paytaxtımız, düşüncə sistemimiz, milli ruhumuz, mənəvi dəyərlərimiz, bir sözlə, nəyimiz varsa, hamısı ordan köklənib. Ona görə də biz cümhuriyyətin varisi hesab olunuruq.


Müəllif: Səxavət Həmid