15 İyul 2016 16:43
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 15-də saat 14 radələrində Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 4 saylı dolayında yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, naməlum səbəblərdən baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirlikləri yerli qurumlarının əməkdaşlarının birgə səyi nəticəsində qısa müddət ərzində söndürülüb.

Yanğın 50 sot ərazini əhatə edib, ağaclara ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Yanğının baş vermə səbəblərinin və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova təəssüflə bildirib ki, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir: “Bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran vətəndaşın özü, digər tərəfdən etinasızlıq göstərərək meşə zolaqlarının yanaraq məhvinə səbəb olur. Bəzi insanlar taxıl biçinindən sonra biçənəklərə od vurur, yaxud istirahət məqsədilə nəzərdə tutulmayan yerlərdə tonqal qalayır və ya yanan siqaret kötüyünü yerə atır. Nəzərə almırlar ki, belə addımların nəticəsində hektarlarla meşə örtüyü ani vaxt içərisində məhv ola bilər”.

Nazirlik havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.

İlhamə ƏBÜLFƏT


Müəllif: