3 İyul 2014 13:59
6 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsrlərdir Azərbaycanda tanınmış bir soyun daşıyıcısı olaraq, camaatın inanc ocağına çevrilən rəhmətlik atamın qəbrinin dəbdəbəli götürülməsini dəfələrlə mənə təklif ediblər. İstər Moskvada yaşayan zəngin qarabağlılar, istər Azərbaycanda olan iş adamları, istərsə də dövlət qurumunda yüksək vəzifədə işləyən şəxslər Mirbəhram ağanın qəbri üzərində böyük bir sərdabənin qurulması istəyində olduqlarını bildiriblər. Amma mən qətiyyətlə bunu qəbul etməmişəm. Atamın özü də sağlığında belə dəbdəbəyə, şöhrətpərəstliyə qarşı olub” .

Bu sözləri Qarabağ ellərində tanınmış seyid olan Mirbəhram ağanın oğlu, şərqşünas Seyid Camal Əzimbəyli bildirib.

SSRİ imperiyası dağıldıqdan sonra Azərbaycanda islam dininə meyl edənlərin, inanclı insanların sayı artsa da, cəmiyyətdə bu dininın dərkiylə bağlı hələ də problemlər yaşanır. Bunun bariz nümunəsi yas mərasimlərinin dəbdəbəli keçirilməsi, qəbristanlıqlarda ucaldılan bahalı qəbir daşlarıdır.

Sərdabələr üzərində salınan qəbir şəhərcikləri

Paytaxtda Yasamal qəbristanlığı adı ilə tanınan “Yasamal-Dağüstü 1”qəbiristanlığına üz tutduq. Cəmiyyətdə insanların görünüşü onların hansı sosial kateqoriyaya mənsub olması haqqında təsəvvür doğurduğu kimi, məzarlıqda gördüyümüz mənzərə də ölü sahibləri haqqında eyni təsəvvürü yaradır. Qəbirlər bir-birinə elə sıx qısılıb ki, addım atmaq belə çətindir.

Sərdabələr üzərində salınan qəbir şəhərcikləri isə mini pakı xatırladır. Söhbət etdiyimiz insanlar bildirdilər ki, qəbristanlıqda artıq boş torpaq sahəsi belə qalmayıb.

Ağ mərmərdən oturmuş vəziyyətdə kişi büstünün önündə qayğısız, gül-çiçəklə əhatə olunmuş gənc bir qız heykəli yaradılıb.

Üç qadının birgə büstü olan sərdabə önündə dayandığımızı görən bir kişinin Bakı ləhcəsində “Siz Həcinin qohumlarındansınız?” sualına “Hacı kimdir?” sorğusu ilə cavab verdik. Dedi ki, Hacı məşhur milyarder sahibkar olub: “Bu sərdabə onun qohumlarınındır. Ağır faciədən ölüblər. Allah iraq eləsin... Bu abidəni onların xatirəsinə tikiblər”.

Qəbristanlıqda sadə baş daşlarından ibarət köhnə qəbirlər və mərhumun yalnız ad-soyadı yazılmış mərmər məzar daşları çox azdır.

Molla: “Ölü sahibi deyir ki, dədəmin qəbri ən hündürdə dayanmalıdır”

Məzarlıqda dolanan bir mollaya yaxınlaşdıq. Özünü Siqdi Əli kimi təqdim etdi. “Çox pis dövrana gəldik” deyə gileyləndi: “Sovetlər dönəmində Qurana, islama inancımızı dilə gətirməyə qorxurduq. Mən bədən tərbiyəsi müəllimi olmuşam, o vaxtlar bizə ateizm dərsi keçilirdi. Sonradan Masallıdan olan həmyerlilərimdən dini təhsil aldım. İndi şükürlər olsun, dinimiz geniş yayılıb, amma hələ cəhalətdən qurtara bilməmişik. Nəzəri olaraq dinimiz təbliğ edilir, inanclı insanlar çoxalıb, amma praktiki olaraq bu dinin gözəlliyi dərk edilmir. Məlumdur ki, heykəl tarixi şəxsiyyətlərə qoyula bilər, amma sadə insanların öz ölüsünə heykəl qoydurması büdpərəstlikdir. İslam dininin şərtlərinə görə, baş daşında şəkil və sinə daşı olmamalıdır, qəbir bir müddət sonra itməlidir. 10 ildən çoxdur yas mərasimlərində bu sözləri deyirəm, amma mənə kəc qulaq asmır”.

Molla Siqdi Əli hesab edir ki, əksəriyyət şöhrətpərəstlik xəstəliyinə tutulub: “Ölü sahibi deyir, mənim məclisim, təmtəraqlı keçsin, ölümü dəbdəbə ilə götürüm, əmim oğlu dədəsinin qəbrini hündür düzəldib, mənim dədəmin qəbri gərək ondan da hündür olsun. Qazandığın pulları belə yerlərə xərcləməkdə savab yoxdur. Bunu nə Allah buyurub, nə də peyğəmbər bu haqda xəbər verib”.

“Qazancımızın yarısı məscidə gedir”

Qəbiristanlıqdakı digər mollalar da eyni vəziyyətdən gileylidir. Bir də qazanclarından. Bir qoca dedi ki, yas mərasimlərinə getmək ona sərf eləmir, çünki onu yas mərasiminə göndərən məscidlə qazancı yarı bölünür: “Hər ölüyə ”Yasin” tapşırmaq üçün mən 6666 kəlimə oxumalıyam. Buna görə 40-50 manat qazanırsan, onun da yarısını tutub məsciddən alırlar. “Molla” sözü, həm də “hər şeyi bilən” deməkdir, amma, indi mollalar urvatdan düşüb”.

“Bəlkə artıq hər şeyi bilən olmadıqları üçün mollanın bildiklərinə dəyər verən azalıb” ehtimalımızı qocanın bir cavan həmkarı qıcıqla qarşıladı: “Mollanın sözünü eşidən var? Toy mərasiminin bəzəyi müğənnidir, yas mərasimninki molla. Amma müğənni bir toydan ən azı 3 min manat qazanır. Mollaya nə verirlər?”

Qəbirdaşı sexinin müdiri: “Bu , biznesin bir növüdür”

Qəbiristanlığın çıxışındakı qəbir sexlərindən birinə yaxınlaşdıq. Qiymətlərlə maraqlanmağımıza sex müdiri qeyzləndi. Dedi ki, işlətdiyi müəssisə şəxsidir, dövlətə heç bir aidiyyəti olmadığına görə qiymətlər sabit deyil, müxtəlifdir: “Mənə necə sərf edir, o qiyməti qoyuram. Azərbaycanda - Qazaxda, Daşkəsəndə çıxan qranitlər keyfiyyətli deyil. Xocavənddə-Hadrutda olan mərmər-qranit yataqları da qalıb ermənilərin tapdağı altında. Ona görə biz məcbur olub qəbir daşlarını xaricdən sifariş veririk”

Qəbir sexində kompüter texnologiyası

Biznesmen dedi ki, Ukrayna, Çin, Monqolustan, Afrika, Hindistanda keyfiyyətli qəbir daşları olduğuna görə, ölü sahibləri haradan istəsə oradan qranit, mərmər gətirtmək mümkündür: “Bu da biznesin bir növüdür. Kvadratı 180 manata olan qəbir daşları da var, min beş yüz, üç min manata olanı da. Gömrük haqqı, nəqliyyatpulu, vergi, rüsum, rəssam işi, ustanın əl haqqı və sair də gəlir bu xərclərin üzərinə. İndi xidmətlər də artıb. Kompüter texnologiyasından istifadə edib qəbir daşlarına istədiyin şəkildə dizayn vermək olur”.

Bahalı qəbir daşları sifariş verənlər artıb, ya azalıb? Müsahibimiz deyir artıb ki, azalmayıb: “Ən çox “CİP”i olan ölkə bizik. İslama verilən dəyər dildədir, şüurumuz elə həmin şüurdur. Adam harınlayıb, pulu bilmir neyləsin, ölüsünün qəbrinə xərcləyir. Sağlığında atasının qapsını açmır, öləndən sonra qırmızı qranitdən ona heykəl qoydurur”.

Qəbir daşlarına verilən zəhmət heç nəyə dəymir

Qəbiristanlıqdan ayrılanda yolumuzun üstündə bir qoca bizi əyləyib sözü olduğunu bildirdi. Dedi ki, bu ərazidə onu şair Kəmaləddin Şirvani kimi tanıyırlar. İmamməddin Nəsiminin nəsil şəcərəsindəndir. İxtisasca rəssamdır.

Amma ömrünün 15 ilini qəbir daşlarının bəzədilməsinə sərf edib: “İndi bu işlə məşğul deyiləm. Hərdən qəbristanlığa gəlib əl işlərimə baxıram və çox heyfsilənirəm. Sanki indi anlamışam ki, gözümün nurunu verdiyim bu işlər heç nəyə dəymir. Çünki biz ölülərə yox, dirilərə qiymət verməyi öyrənməliyik. Şair demişkən insanlara sağlığında qiymət verməliyik ki, bu nadanlıqdan qurtulaq”.

Yaradanın qəzəbinə səbəb olan əməl

Seyid Camal Əzimbəyli bu cür əməlləri islam dininin qətiyyətlə rədd etdiyini bildirir və Yaradanın qəzəbinə səbəb ola biləcək natəmiz iş adlandırır. Onun fikrincə, bütün bunlara səbəb islam dininin gətirdiyi qaydaların doğru-dürüst aşılanmamasıdır: “Məzar yerlərinə baxdıqda millət adına adam xəcalət çəkir. Bu gün İŞID-ın tərkibində, Suriyada azərbaycanlı soydaşlarımız döyüşürsə, bunlar hamısı islam dinin Azərbaycanda düzgün dərk olunmaması ilə əlaqədardır.

Məzarıstanda olan acınacaqlı mənzərə də bu sıradandır. Bu sahədə maarifləndirmə işini aparanlar elmi-nəzəri baxımdan, əməli-saleh isim sahibləri olmayınca bizi daha ağır fəsadlar gözləyəcək. Ona görə din gerçək mənəviyyat adamlarına həvalə olunmalıdır”.

Sevil HİLALQIZI

Fotolar Elçin MURADındır


Müəllif: