7 İyul 2014 11:26

İyulun 6-da Təhsil Nazirliyi SABAH qruplarına qəbul imtahanı keçirib.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, imtahan Azərbaycan Dövlət İqtisad və Naxçıvan Dövlət universitetlərində təşkil olunub.

İmtahan saat 10:00-da başlayıb, 11:30-da başa çatıb. Tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla, ümumilikdə 50 sualı cavablandırıblar.

Hər bir sual 1 balla qiymətləndirilir və səhv cavablar düz cavabları ixtisar etmir.

İmtahanın nəticələri emal olunduqdan sonra 1 həftə ərzində elan olunacaq. Nəticələr Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və www.sabah.edu.az saytında yerləşdiriləcək.

İmtahanın nəticələrinə əsasən, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələr müsahibəyə buraxılacaq. Hər iki mərhələdən - test imtahanı və müsahibədən keçən tələbələr təhsillərini II kursdan ixtisaslarına uyğun olaraq, SABAH qruplarının yaradıldığı baza ali təhsil müəssisələrində davam etdirəcəklər.

Ali təhsil sistemində yeni yaradılan SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb. Bu müddət ərzində imtahanda iştirak etmək üçün 53 ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib.

Savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil edilən SABAH qrupları müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması işinə böyük təkan verəcək. Növbəti tədris ilindən 1300 tələbə II kursdan SABAH qruplarında təhsil alacaqdır. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaqlar.

SEVİL


Müəllif: