25 May 2017 14:17
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasın gündəliyinə Hesablama Palatasının “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabatı daxil edilib.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat, vergilər və digər nazirliklərin nümayəndələri iştirak edir. İclasda komitənin sədri Ziyad Səmədzadə bildirib ki, 2016-cı il Azərbaycan tarixində islahatlar ili kimi yadda qalıb: “Dünyada ölkələr arasında toqquşmalar, ziddiyətlərin artmasına baxmayaraq, ölkəmiz stabillik nümayiş etdirir. Bunun nəticəsidir ki, dünyada gərginliyə baxmayaraq Azərbaycan iqtisadiyyyatı öz inkişafını davam etdirir”.

Z.Səmədzadə qeyd edib ki, “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat Milli Məclisə vaxtında təqdim edilib. Onun sözlərinə görə, komitə üzvləri sənədlə yaxından tanış olublar.

İclasda çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini artırıb və dollar bahalaşıb: “Bu da dollardan asılı olan valyutaların stabilliyinə əlavə problemlər yaradıb, Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə inflyasiyanın artmasına, iqtisadi artım sürətinin azalmasına təsir edib”. Nazir müavini qeyd edib ki, büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi hesabına 1 yanvar 2017-ci il tarixinə 2 307 milyon manat həcmində sərbəst xəzinə qalığı yaranıb: “ÜDM-də gəlirlərin xüsusi çəkisi yüksək qalıb və keçən il bu göstərici 29 faiz təşkil edib. Qeyri-neft sektorundan daxilolmaların büdcə gəlirlərində payı 47,3 faizə çatıb ki, bu da 2015-ci illlə müqayisədə 5,7 faiz bəndi çoxdur”.

A.Bayramov əlavə edib ki, hazırda gedən prosesləri nəzərə alaraq ölkə iqtisadiyyatının artım tempinin müsbətə doğru artacağını proqnozlaşdıra bilərik.


Müəllif: Cavad