26 İyul 2017 15:13
3 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə də daha bir siyasətçini dindirmək qərarına gəldim. Müsahibim cəmi bir yaşı olan Ağ Partiyanın sədri Tural Abbaslıdır.

Teleqraf.com onunla müsahibəni təqdim edir:

- Ağ Partiya nədir?

- Vicdanımız də özümüz kimi ağdır. Hələ heç kimə satılmamışıq, heç kimə ziyan vurmamışıq.

- Siyasət və ağ qalmaq?

- Peyğəmbərimiz peyğəmbərlikdən əlavə həm də siyasətçi kimi nümunə idi. Siyasətçi çirkli olmalıdır deyə bir fikir yoxdur axı.

- Bəs demokratiya?

- Mən heç demokratiya aşiqi də deyiləm axı. Mən xalqımızın yaxşı yaşamağını, varlı yaşamağını istəyirəm. Əgər bu monarxiyayla özünü göstərəcəksə, olsun. Əgər bura da Suriyaya dönəcəksə, lazım deyil.

- Digər partiyalarla əlaqəniz yaxşıdır. Bəs niyə müxalifət kimi partiyalara parçalanmısınız?

- Obyektiv səbəblər də var, subyektiv də. Gənc vaxtlarımda Müsavatda olmuşam, o birilərində də. Amma heç kim bir-birini qəbul etmir, hamı özünü ağıllı sayır. Birlik birinci mərhələdə lazımdır, yəni, camaat görsün ki, müxalifət birləşib.

- Siyasətçinin fikri dəyişə bilərmi?

- Bəli, dəyişir, siyasətçi hər an nəsə öyrənir. Siyasətçi hər addımından nəsə nəticə çıxartmalıdır. Sabah mən min dənə fikir dəyişə bilərəm.

- Siyasəti kimdən öyrənmisiniz?

- Peyğəmbərdən... Ona görə ki, o da 20 il ərzində öz qövmündə köklü dəyişikliklər elədi və bu dəyişikliklər dünyaya yayıldı. 20 il elə də uzun müddət deyil. Amma biz də peyğəmbərin dövründə yaşamırıq.

- Ədəbi siyasətiniz necədir?

- Ədəbi siyasət deyəndə ki, ədəbiyyat şəxsi məsələdir, biz uzaqbaşı kimlərəsə şərait yarada bilərik. Bizim xalqın kökünü inkar etməyən istənilər incəsənət adamını, ədəbiyyat adamını qəbul edirik. Avropanın, oranın-buranın yad ünsürlərinin bizə nə dəxli? İndi də durub sərbəst şeirlər yazırlar, içində heç nə yoxdur.

- Peyğəmbər deyirdi oxu... Bəs siz hansı kitabları oxuyursunuz?

- Açığı stolüstü kitabım yoxdur. Maraqlı kitab olanda oxuyuram. Ən çox həbsdə oxumaq olur. İndi oxuya bilmirəm. İndi informasiya bolluğudur. Hitlerin həyatı haqqında, Rəsulzadənin seçilmiş əsərləri, Sveyqin Avropa haqqında kitabı var. Beş səhifəlik kitabı oxuyana kimi facebookda beş yüz dənə maraqlı status, xəbər oxuyaram da. Bizə bu saat informasiya daha vacibdir, ələlxüsus da siyasətlə məşğul olan adamlara.

- Bədii əsər adı çəkmədiniz...

- Axırıncı..... Tolstoy, Dostoyevski... Nobel alan bütün yazarlar. Özümüzdən İsmayıl Şıxlı, Elçin Əfəndiyev. Hə, bir də Yunus Əmrə. Onu stolüstü kitabım hesab edərəm. Uzaqbaşı şeirə azarkeşlik edə bilərəm.

- Məsələn, kimə?

- Ramiz Rövşənin kitabını gətirdilər həbsdə olanda. Ramiz Rövşən bizə bir az daha yaxın şairdir. Seymurun ”Quqark”ını oxumaz olaydım. Balzakı da oxumuşdum. Seymur da mənim qədər oxuyub, kitabdan bilinir.

- Ramizdən bu yana heç kimi qəbul etmirsən?

- Kim var axı Ramiz Rövşəndən bu yana. Aqşinmi? Atalar sözlərini söyən. Əkbərmi? “Zaur və Artuş”un nəyini qəbul edim?! Qan Turalımı? Çoxusu da əvvəl tüpürdükləri yerlərə qayıtdılar.

- Bəs, axı müxalifətçilər Əkrəm Əylisli tərəfdarı idilər. O da erməniləri tərifləmişdi.

- Biz müxalifətdə olanda Əkrəm bəyin tərəfində olmamışıq. Əkrəm bəy o vaxtlar Orxan Pamuka oxşamaq istəyirdi. Müxalifətçilərin tərəf durmağı şəxsi münasibətlərə dayanır. Mən milləti Sabiryana qamçılamağın da tərəfdarı deyiləm. Türklər Çanaqqalayla, Fəthlə öyünür. Biz niyə öz şahlarımızla, İbn Sinamızla, Tusimizlə qürur duymayaq? Səməd Vurğunun gündə bir dosyesini üzə çıxarırlar, amma Səməd elə Səməddir.

- Müxalifət demişkən, Əli Kərimli nə etmək istəyir?

- Onlar artıq heç nə edə bilmirlər, çünki xalqa yeni heç nə deyə bilmirlər.

- Ramiz Rövşəni həm müxalifət sevir, həm də iqtidar...

- Müxalifətlə iqtidarı niyə bir-birinə düşmən görürlər? Niyə mütləq düşmən olmalıyıq? Biz hakimiyyət uğrunda mübarizə apara bilərik. Sovetdən qaçan Kərbəlayi İrana keçmək üçün Arazı keçməli idi. O öz qardaşı yoldaşını hamilə olduğu üçün kənddəki düşmənə verir, çayı keçmək təhlükəli olduğu üçün. O da oğlunu Kərbəlayiyə təhvil verir. Oğlanı Kərbəlayinin yanında vursalar da, sonralar buna görə o düşmən Kərbəlayinin qardaşı yoldaşını öldürmür. Kərbəlayiyə deyir ki, bu qadını apar, mən sənin arxanca özüm gələcəyəm. Yəni, biz burda da kişi kimi mübarizəni görürük. Düşmən olmaqlarına baxmayaraq təmiz mübarizəni.

- Həbsdə olmusunuz. Rauf Arifoğlu həbsdə olanda kitab yazdı. Bəs siz?

- Jurnalistika oxumuşam, yazmaq qabiliyyətim də var. Amma mənlik deyil axı. Guya Rauf bəyin, Qənimət Zahidin, İsa Qəmbərin yazdığı kitabları oxuyan var ki?!

- İxtisasca jurnalistsiniz... Jurnalistlərin ev almağına münasibətiniz?

- Jurnalistlərin ev almasına niyə qıcıq olurlar ki? Alıb, əcəb eləyib. Dövlət büdcəsinin hesabına bina tikilib və mənzillər paylanılıb.

- Partiya sədrisiniz. Seçkilərdə namizəd olacaqsızmı?

- Onu deyim ki, bizdən qabaq yeni simalar gəlmədi siyasətə. Bu mənada biz yeniyik. Düşünmürəm ki, biz adi siyasətçiyik. Yeni heç nə gətirə bilməyən adamlar postlarını tərk etməlidir. Əgər görsəm ki, mən də partiyamızı idarə edə bilmirəm, heç bir töhfəm yoxdur, geri çəkilərəm. Müxalifət heç nə bacarmır, konkret olaraq heç bir nəticələri yoxdur.

- Rəsulzadə 34 yaşında respublika qurmuşdu. Sizin də 34 yaşınız var və Ağ partiya yaradıbsınız. Heç olmasa partiyanızın hansısa uğuru varmı?

- Hələ prezidetliyə namizədliyimi verməmişəm deyə özümü və partiyamı nəticəsiz bir siyasətçi kimi görmürəm. Amma müəyyən şeylər var ki, uğurlar əldə etmişik.

- Xalq şairi, xalq yazıçısı, xalq artisti... Nə vaxtsa prezident olsanız bu titullar qalacaqmı? Məsələn, AYB qalacaqmı?

- Bəli, qalacaq. İncəsənət adamlarına, ədəbiyyat adamlarına titul onları ruhlandıran bir şeydir. Bu titullar stimuldur. Niyə də olmasın?!


Müəllif: Emin Akif