20 Sentyabr 2017 10:26
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti-23 ünvanda (AMAY Holdinq MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yarmarkada iştirak etmək istəyən arıçılar məhsullarını sentyabrın 19-dan 30-dək sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Yarmarkada satışa yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar çıxarılacaq.

Sərgi-satış yarmarkasına hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədilə arıçılıq məhsullarının anbara qəbulu sentyabrın 18-20-də Lənkəran, sentyabrın 21-də Kəlbəcər-Laçın və Yuxarı Qarabağ, sentyabrın 22-23-də Gəncə-Qazax, sentyabrın 24-25-də Şəki-Zaqatala, sentyabrın 26-da Quba-Xaçmaz və Abşeron, sentyabrın 27-28-də Naxçıvan, sentyabrın 29-da Dağlıq Şirvan, sentyabrın 30-da isə Aran iqtisadi rayonları üzrə keçiriləcək.

Eyni zamanda oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatma mərasimi təşkil olunacaq.

Maraqlananlar Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və 012-498-94-47 nömrəli telefonla əlaqə saxlaya bilərlər.


Müəllif: Şəfiqə