10 Oktyabr 2017 17:23
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 18-ci arıçılıq məhsullarının sərgi-satış yarmarkasının açılış mərasimi baş tutub.

Bir neçə müddətdir mətbuatda yarmarkanın vaxtı, məkanı və şərtləri barəd məlumatlar yayılırdı. Lakin deyəsən, insanların çoxu yenə xəbərsiz qalmışdı. Çünki yarmarkada alıcıdan çox satıcı gözə dəyirdi. Məkanın uzaq olması da alıcıların azlığına səbəb ola bilər. Yarmarkanın keçirildiyi məkanın üzərində məlumatlandırıcı lövhə, yazı da vurulmamışdı.

Amma güman ki, yayımlanan reportajlardan sonra əhali yarmarkadan xəbərdar olacaq.

Satıcılar içəri girən hər kəsə müştəri gözü ilə baxaraq, məhsullarını tərifləməyə başlayırlar. Hər yandan “cökə balı”, “çiçək balı”, “meşə balı” sözlərini eşitmək olar. “Qızım bizim də bala bax”, “Peşman olmazsan”, “Ən gözəl bal bizdə” və .s müştərini ovsunlayan cümlələr piştaxtaların onundən keçən qulaqlara çatdırılır. Təbii ki, bu sözlərin sehrinə düşüb, ayaq saxlayanlar mütləq olur.

Mən də Şamaxı rayonundan öz məhsullarını satışa çıxaran Kamandar Hacıyevin piştaxtasına yaxınlaşıb, balın qiymətini soruşuram. Süzülmüş balın kiloqramı 25-30 manatadır. Elə əvvəlcədən də eşitmişdim ki, qiymətlər 25-30 manat civarında olur.

Satıcı Kamandarın piştaxtasında növbənöv arıçılıq məhsulları vardı. Bir arı südündən başqa... Onun dediyinə görə, arı südünü açıqda saxlamaq olmur. Yarmarkaya gətirilənləri də soyuducuya qoyublar. Xüsusi qablaşmada saxlanılır. Arıçılıq məhsullarından biri olan güləm çox quvvətli dərmandır. Arı çiçəkləri toplayaraq onu hazırlayır.

Balı kiloqramla satırlarsa, güləmi qramla satırlar və qiyməti 15 manatdan başlayır. Ürəyə, öd kisəsinə, qan-damar sisteminə çox böyük faydası var. Satıcı qeyd edir ki, bütün arı məhsulların dərman kimi istifadə edərkən mütləq qəbuldan ən azı yarım saat sonra mədəyə heç bir qida daxil olmamalıdır. Əks halda onun cana heç bir faydası olmaz. Qaynar su ilə də balı qarışdırmaq düz deyil. 30-35 dərəcəli su ilə qarışdırıb, səhər ac qarına içmək çox faydalıdır.

Satıcı deyir ki, arı balın möhürünü (təbəqə) heç vaxt şəkər tozundan düzəldə bilməz:

“Bu, həyatı boyu mümkün deyil ki, arı şəkər tozundan möhür düzəltsin. Hansı balın möhürü varsa, o bal həqiqidir. Həm də burada artıq saxta bal yoxdur. Olan 20 tondan çoxunu yığışdırıblar”.

Elə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov da çıxışı zamanı bildirdi ki, 3367 ədəd məhsuldan analiz götürülüb və onlardan 509 ədədi normaya uyğun olmayıb. Yəni təxminən 22,5 ton süzülmüş balın satışına icazə verilməyib.

Yarmarkada 9 iqtisadi rayondan 333 nəfər arıçı iştirak edir.

Nazir müavininin sözlərinə görə, yarmarkanın gedişi zamanı qaydaları pozan satıcılar kənarlaşdırılacaq.

Rəsmi şəxslər getdikdən az sonra satıcıların bəzilərinin üzündə narazılıq olduğu aydın görünürdü. Kənarda bir-birilə danışaraq deyirdilər ki, laboratoriyaya gedən bal bidonları qayıtdıqda çəkilərində əksiklik yaranıb.

Qeyd edək ki, yarmarka noyabrın 5-nə qədər davam edəcək.


Müəllif: Şəfiqə Nazimqızı, Elçin Murad