17 Oktyabr 2017 11:34
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tiflisdə Azərbaycan, Gürcüstan Türkiyə Silahlı Qüvvələrinin rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, üçtərəfli görüşdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Vladimer Çaçibaia və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar iştirak edirlər.

Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyə töhfə olacaq. Regional layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda sabitliyə, üç ölkə xalqının sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan verəcək.

İclasda Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün bərpası, Türkiyədə və dünyada baş verən proseslər diqqət mərkəzində olub. Tərəflər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya problemlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.

Sonda əməkdaşlıq üzrə birgə protokol imzalanıb.

Görüşdə Azərbaycan nümayəndə heyəti təqdimat keçirib.

Cənubi Qafqazda sabitliyin, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin edilməsində hər iki ölkənin Silahlı Qüvvələrinin rolunun əhəmiyyətli olduğu bildirilib, ikitərəfli hərbi əlaqələrin möhkəmlənməsi və təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, iki ölkə arasında keçirilən hərbi təlimlərə Gürcüstanın da cəlb olunmasının əhəmiyyəti vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra ötən ilin aprel ayında təmas xəttində baş vermiş gərginlik, Ermənistan tərəfinin təxribatları və Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, regional neft və qaz layihələri, Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə və digər məsələlər diqqətə çatdırılıb.


Müəllif: Teleqraf.com