20 Oktyabr 2017 17:34
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun zamandır ki, sosial şəbəkələrdə "xeyriyyəçi" qruplar, səhifələr görürəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli bildirib.

Onun sözlərinə görə, həmin səhifələrdə guya insanlara kömək adı altında pullar mənimsənilir:

“Siz kimsiniz? Əslində, hardan və necə başlayım, bilmirəm. Biri yazır ki, Həzi Aslanov metrosunda uşaq arabası var. Allahı sevən, Əlini bəyənən, Fatiməni görən nə bilim peyğəmbərdən qorxan kimsə varsa, onu o meterodan götürüb Binəqədidə bir ailə var, ora çatdırsın, bir başqası yazır ki, əziz izləyicilərim, əlhəmdülilləh, mənə bu gün 42, 43 ölçüdə iki cüt kişi ayaqqabısı verdilər. Kimin ehtiyacı varsa, desin. Bir başqası təcili çox kasıb ailəyə uşaq bezi lazımdır, yazır. Sizi and verirəm filankəsin cəddinə, bu ailəyə dəstək olaq. Hələ sosial şəbəkələrdə toplanan pullar, hardan alındığı, kimin aldığı bəlli olmayan qida məhsulları, avtomobilin çirkli baqajında paylanan qurban ətləri, sanitar qaydalara cavab verməyən qapı-qapı paylanan ehsanlar və bir çox bu kimi hallar! Rəsmi nişan və dövlət atributlarından hazırlanmış təsisçisi, idarə heyəti, kimsəsi bəlli olmayan blankda yazılmış saxta məktublar, yetimin, sahibsizin, kimsəsizin adından istifadə edib pullar toplayıb oğlunu, qızını brend geyindirib, yaxşı məktəblərdə oxudanlar və nələr-nələr, kimlər-kimlər!!! Hələ utanmadan mənə - onsuz da işi kimsəsiz uşaqlara baxmaq olan uşaq sığınacağının rəhbərinə də yazırlar ki, filankəs xəstədi, pul toplayırıq. Filan uşağa çanta alırıq, filan ailə acdır və s. Ay başınıza dönüm, siz, Ünvanlı Sosial Yardımsınız? İcra Hakimmiyyətisiniz? Qəyyum Himayəçilik Komissiyasısınız? Kimsiz axı? İstənilən çətin şəraitə belə kreativ və operativ əlaclar tapırsınız. Utanmadan dində nə qədər adlar var sadalayaraq mədəni dilənçilik edirsiniz! İnsanların hisləri və inancları ilə oynamaq bu qədərmi asandır? Bu işin rəsmi tərəflərini heçmi bilmirsiniz? Nə olar bir dəfə xəstə uşağa görə pul toplamazdan qabaq onun tibb müəssisəsinə müraciət etməsinə kömək edəsiniz, təhsildən yayınanı Təhsil Nazirliyinə, çətin yaşayanı Sosial Müdafiə Nazirliyinə yönləndirəsiniz! Axı siz hamıdan ağıllı, hamıdan savadlısız! O qədər ağıllısınız ki, saydığım və ya sayacağım qurumların nəinki adını, heç fəaliyyət mexanizmasını belə bilmirsiz”.


Müəllif: Şəfiqə