17 Noyabr 2017 13:53
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinayət Məcəlləsinə daxili və xarici borclanma qaydasının pozulmasına dair cəzalarla bağlı dəyişiklik edilib.

Teleqraf.com-un xəbərinə görə, Məcəlləyə dəyişikliklə bağlı millət vəkili Əli Hüseynli məlumat verib.

O bildirib ki, Məcəllənin 195-2-ci maddəsinə edilən dəyişikliyə görə, dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının razılığını almadan daxili və xarici borclanması dövlətə xeyli miqdarda ziyan vurduqda 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın bir mislindən üç mislinədək miqdarda cərimə və ya iki il müddətində azadlğın məhdudlaşdırılması və ya iki ilədək müəddətdə azadlıqdan məhrum edilmə ilə cəzalandırılır. Eyni əməllər təkrar edildikdə ziyanın üç mislindən 5 mislinədək cərimə, 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya 4 ilədək azadlıqdan məhrumedilmə ilə cəzalandırılır.

Millət vəkili Elmira Axundova isə cəzanın çox yüngül olduğunu deyib: “Bu cinayətə görə 2 ildən 4 ilə qədər həbs cəzası müəyyən edilib. Oğurluğa görə verilən cəza daha sərtdir. Oğurluq nəticəsində bir neçə şəxsə ziyan dəyir, amma bu zaman bütün dövlətə ziyan dəyir. Təklif edərdim ki, bu əmələ görə cəzaların daha da sərtləşdirilməsi nəzərə alınsın”.

Millət vəkilinin fikirlərinə münasibət bildirən Əli Hüseynli isə bildirib ki, təklifin qəbul edilməsi mümkün deyil:
“Sizin dediyiniz məsələ mənimsəmə cinayətləri ilə bağlıdır. Bu təkliflər isə sadəcə, qaydanı pozma ilə bağlıdır. Bu pozuntuya görə cəza kifayət qədər sərtdir”.

Məcəlləyə dəyişiklik səsə qoyularaq qəbul edilib.


Müəllif: Cavad