22 Noyabr 2017 14:40
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz hər il adambaşına düşən səhiyyə xərclərinin çox aşağı olduğunu deyirik. Lakin bu problem həllini tapmır.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Əhliman Əmiraslanov Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, səhiyyə xərclərinin və həkimlərin maaşlarının az olması, xəstəxana və klinikaların effektiv işləməsinə mane olur: “Bu il səhiyyə xərcləri ötən ilkindən də azdır. Əhalinin artımını nəzərə alaraq bu xərcləri artırmağı hökümət nümayəndələri qarşısında qaldırmaq istəyirəm. Əks halda səhiyyə sahəsindəki problemlər həll edilməyəcək. Yeni doğulan uşaqların kapilyar implantasiya məsələsini də dəfələrlə bəyan etmişik, lakin bu məsələ həllini tapmır. Qeyd etmək istəyirəm ki, ildə 120-150 uşaq eşitmə qüsuru ilə doğulur. Bu əməliyyat qısa müddətdə aparılmasa, həmin uşaqlar lal-kar qalır. Bu əməliyyatları həyata keçirən bir neçə klinika var. Lakin kapilyar implantasiayaların alınması üçün insanlar növbəyə dayanır. Bu vəsaitin alınması üçün 2-2.5 milyon manata ehtyiyac var. Bunu Səhiyyə Nazirliyi hesabına təmin etmək mümkün deyil. Çünki onsuz da nazirliyə ayrılan vəsait azdır”.

Ə.Əmiraslanov həmçinin xərçəng xəstəliyinin müalicəsi və orqan transplantasiyasından sonra istifadə edilən bir sıra dərman vasitələri ilə xəstələrə pulsuz təmin edilməsinə də diqqət çəkib: “Bu gün bir sıra klinikalarda orqan trasnplantasiyası əməliyyatları uğurla icra edilir. Lakin bu əməliyyatlardan sonra həmin xəstələr ömür boyu antidepresant qəbul etməlidirlər. Bunu il ərzində almaq üçün xəstələrə 3-4 min manat vəsait lazımdır. Ancaq hər kəsin bu dərmanları almağa imkanı yoxdur. Bizə də tez-tez bununla bağlı müraciət edirlər. Orqan transplantasiyası əməliyyatından sonra uzun illər yaşayan insanlar var, onlara kömək etmək lazımdır.

Onkoloji pereparatların alınması üçün ayrıca vəsaitlər ayrılır. Bunun üçün ölkə Prezidentinə təşəkkür edirəm. Son illər dünyada xərçəngin müalicəsi üçün yeni növ pereparatlar hazırlanıb. Bunu almaq üçün səhiyyəyə ayrılan vəsait yetərli deyil. Bu dərmanlar hətta vaxtı keçmiş şişlərin müalicəsində effektiv təsir göstərir. Bu mənada xərçəng əleyhinə olan bu dərmanların alınması üçün imkan daxilində səhiyyə xərclərinin artırılmasına ehtiyac var”.


Müəllif: Cavad