12 Yanvar 10:32

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması ilə bağlı təhvil-təslim prosesinə başlanıb.

Energetika Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, kommunal xidmətlərin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafı, enerji təchizatında şəffaflığı və çevikliyi, xidmətlərin sahibkarlar üçün əlçatanlığının təmin edilməsi məqsədilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkili və Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələrinin ləğvi ilə əlaqədar Energetika Nazirliyində Təhvil-təslim komissiyası yaradılıb.

“Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Prezident İlham Əliyevin 22 dekabr 2017-ci il tarixli 1750 nömrəli Fərmanının müvafiq bəndinə uyğun olaraq, Agentlik Vergilər Nazirliyində dövlət qeydiyyatından keçirilib və ləğvetmə prosesinə başlanıb.

Sözügedən Fərman əsasında qəbul edilmiş Nazirlər Kabinetinin 2017-ci il 27 dekabr tarixli 891s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Energetika Nazirliyinin 1 yanvar 2018-ci il tarixli əmri ilə yaradılmış Təhvil-təslim Komissiyasına İdarələrin istifadəsində olan əmlakın Agentliyin balansına verilməsini təmin etmək, qiymətləndirmə prosesində iştirak, inventarlaşdırma aparmaq, Agentliyin nizamnamə fondunun dəqiqləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və bu prosesdən irəli gələn digər tədbirləri həyata keçirmək tapşırılıb.

Qeyd edək ki, Agentliyin strukturu və işçilərin say həddi təsdiq olunana qədər ləğv edilmiş idarələrin əməkdaşlarının öz funksiyalarını qanunvericiliyə və vəzifə təlimatlarına uyğun olaraq yerinə yetirmələri nəzərdə tutulub.


Müəllif: İlhamə Əbülfət
Загрузка...