17 Yanvar 2018 09:00
3 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fananinin oğlu Kifah Gibraltar Bəy Fənani cavablandırıb:

- Atanızın diplomatik fəaliyyəti ilə bağlı Azərbaycana köçmüsünüz, buradakı yaşayışa öyrəşə bilmisiniz?

- Qeyd etdiyiniz kimi atamın işi ilə əlaqədar Azərbaycana gəlmişik. 18 yaşım var, İndoneziyanın paytaxtı Cakarta şəhərində doğulmuşam. 5 aydır ki, Bakıda yaşayıram, adaptasiya prosesi rahat oldu. Gələr-gəlməz təhsilimi də davam etdirməyə başladım. Hazırda Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində bakalavr təhsili almaq üçün hazırlıq kurslarında iştirak edirəm. Eyni zamanda rus dilini öyrənirəm. Bu müddət ərzində bir neçə regionda olmuşam. Ölkəniz çox xoşuma gəlir. İndoneziya ilə Azərbaycan arasında oxşarlıqlar çoxdur. İlk növbədə onu qeyd etməliyəm ki, hər iki dövlət İslam dövlətidir, bir-birinə sıx bağlıdır. Ancaq yaşayış tərzi və mədəni-sosial həyatda bir qədər fərq müşahidə olunur. Mənə elə gəlir ki, bu, Azərbaycanın Avropa, İndoneziyanın Asiya ölkəsi olması ilə əlaqədardır.

- Təhsilinizin digər pillələrini də Azərbaycanda almağı düşünürsünüz?

- Əlbəttə, hədəfimə çatmaq üçün çox oxumalı və çalışmalıyam. Yüksək səviyyədə təhsil almadan İndoneziyaya qayıtmayacağam. Harada oxumağım yox, təhsilin keyfiyyəti önəmlidir. ABŞ-da, Fransada da təhsil ala bilərdim. Amma ölkənin özü mənim üçün az əhəmiyyətlidir. Ola bilsin, magistr təhsili üçün başqa Avropa ölkəsinə üz tutdum.

- Atanız Hüsnan Bəy Fanani Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla ilə görüşəndə oğlunu təhsil almaq üçün ADU-ya göndərəcəyini demişdi. Bu ali məktəbdə oxumaq atanızın, yoxsa öz seçiminizdir?

- Düzünü desəm, atamın seçimi idi. Amma bu universiteti bəyəndim. Tədris metodikası məni qane edir. Yavaş-yavaş Azərbaycan dilini də öyrənirəm. İngilis və ərəb dillərini bilirəm. Həm də rus dilində biliklərimi artırıram.

- Azərbaycan dilini öyrənmək çətin deyil?

- Çətin olduğunu deməzdim. Azərbaycan dilində sözlərin xeyli hissəsi ərəb dilindəki sözlərlə eynidir. İndi xatırlaya bilmirəm, amma “nikah”, “istirahət” və sair kimi sözlər var ki, onları rahatlıqla başa düşə bilirəm. Yeri gəlmişkən “nikah” sözü İndoneziya dilində də eyni cür səslənir.

- İndoneziya və Azərbaycan təhsil sistemi arasında fərq çoxdur?

- İndoneziyada gənclər çox aktiv, innovativ, kreativ və hərəkətlidir. Orada dərsi ancaq auditoriyada keçmirlər. Amma Azərbaycandakı təhsil sistemini də qanedici saymaq olar. Tələbələr üçün yaxşı şərait yaradılıb, müxtəlif mərkəzlər, xarici dil öyrənənlər üçün danışıq klubları fəaliyyət göstərir. Mən özüm İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələr üçün təşkil olunan danışıq klubunda praktik dərs keçirəm. Daha çox gündəlik istifadə olunan sözləri öyrənirik.

- Azərbaycanlı tələbələr İndoneziya dilinə maraq göstərir?

- Azərbaycanlı tələbələr dilimizi öyrənməyə həvəslidirlər. Onu da qeyd edim ki, İndoneziyada Azərbaycan Dil Mərkəzi açılacaq. İndoneziya Azərbaycanla təhsil sahəsində əlaqələri genişləndirməyə çalışır. Təqaüd proqramlarının həyata keçirilməsi istiqamətində də iş gedir. Həmçinin Azərbaycanda İndoneziya mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır.

- Müəllimləriniz və tələbə yoldaşlarınız atanızın səfir olduğunu bilir?

- Bilirlər. Amma bunun mənim tədrisimə heç bir aidiyyatı yoxdur. Səfir olan şəxs atamdır, mən yox. Müəllimlər digər tələbələrlə necə davranırsa, eyni şəkildə də mənə münasibət göstərilir.

- Atanız kimi Siz də diplomat olmaq istəyirsiniz?

- İlk növbədə ölkəmə faydalı vətəndaş olmaq istəyirəm. Atam səfirdirsə, bu, o demək deyil ki, mütləq mən də səfir olmalıyam. Düşünürəm ki, mən ondan bir addım daha irəlidə olmalıyam. Arzum İndoneziya prezidenti olmaqdır.

- Bölgələrimizdə olduğunuzu vurğuladınız, hansı regionlara səfər edə bilmisiniz?

- Azərbaycanda olduğumuz bu qısa müddətdə hələ ki Gəncə, Lənkəran, Qəbələyə gedə bilmişəm. Şahdağın panoramasına heyran oldum. Gəncəyə səfərimiz zamanı Nizami Gəncəvinin məqbərəsini ziyarət etdik. Bundan başqa Qobustan Dövlət Qoruğu, Atəşgah məbədi, Şirvanşahlar sarayında olmuşam. Məndə olan məlumata görə, Şəkidə çoxlu mədrəsələr var. Yaxın zamanda Şəkiyə baş çəkməyi düşünürəm.

- Nizami Gəncəvinin “Xəmsə”si ilə tanışsınız?

- Əlbəttə. Onun “Leyli və Məcnun” poeması İndoneziyada çox məşhurdur. Demək olar ki, bu poemanı oxumayan yoxdur.

- Azərbaycanda məscidə gedirsiniz?

- Əjdərbəy, Heydər Əliyev, Bibiheybət məscidlərinə gedirəm.

- Bəs doğma Cakarta barədə nələri danışa bilərsiniz? Ölkənizi bizə necə tanıdardınız?

- İndoneziya arxipelaq dövlətdir. Ölkəmizdə 200 milyondan çox insan yaşayır. Qədim, müxtəlif mədəni abidələrlə zəngindir. Doğma Cakartanı isə İstanbula bənzədirəm, ecazkar şəhərdir, mən azərbaycanlıları paytaxtımıza dəvət edirəm. 12 milyon əhalisi olan Cakarta başdan-başa tarixi abidələrlə doludur. Paytaxtımıza gedənlərə mütləq şəkildə “Manas” və “Ancol” adlı abidələrə baş çəkməyi məsləhət görürəm. Cakartaya yolu düşənlər məncə, Milli Muzeyə də getməlidir. Həmin muzeydə eramızdan əvvələ aid əşyalar, müxtəlif etnoqrafik əsərlər nümayiş olunur.

- Atanız çox pozitiv insandır. Mahnı oxumaq, musiqi alətlərində çalmaq bacarığı var. Bu istedad sizə keçməyib?

- Mən özüm də yaxşı oxuyub-çalıram. Azərbaycan milli rəqsləri də diqqətimi cəlb edir, rəqslərinizi öyrənməyi planlaşdırıram.

- Hobbiniz nədir?

- İdmanı çox sevirəm. Badminton, tennis, futbolu daha çox xoşlayıram. İndoneziyada bu idman növləri üzrə yarışlara qatılmışam, medallarım da var.

- Ailənizin bütün üzvləri Bakıdadır?

- Bakıya atamla birgə anam və mən gəlmişəm. Bir bacım var, o, bizimlə buraya gəlməyib, İndoneziyada yaşayır.

- Hansı milli yeməklərimizi bəyənirsiniz?

- Dolma, plovu çox xoşlayıram.

- Ananız bişirməyi öyrənib?

- Yox, hələ bişirə bilmir. Yəqin zamanla öyrənəcək.

Akqabay Mıradov


Müəllif: Nərgiz Ehlamqızı