21 Aprel 2018 08:47
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Azərbaycan Texniki Universitetində (AzTU) “Startap günləri” adlı tədbir keçirildi. Tədbirin əsas məqsədi o idi ki, tələbələr yeni bir ideya, layihə irəli sürüb, onu yaradaraq insanların ixtiyarına versin. Qaliblər seçilib mükafatlandırıldı. Biz də Teleqraf.com olaraq qalib layihəni, komandanı tanımaq və tanıtmaq üçün üz tutduq AzTU-ya.

Dörd qız, bir oğlandan ibarət qalib komandanın layihəsinin adı “Smart Meykap”dır.

Komanda 5 nəfərdən ibarətdir. Üzvlər Rəbiyyə Əskərova, Nüranə Əskərova və Nigar Heydərli universitetin Metallurgiya fakültəsinin ekologiya ixtisası üzrə ikinci kursda oxuyur, Həqiqət Abbasova eyni ixtisasın üçüncü kurs, Elsəvər İskəndərov isə Marketinq və Menecment fakültəsinin tələbəsidır.

Nigar Heydərli deyir ki, ideya onundur:

“İdeya çoxdan var idi. Qrup sadəcə “Startap günləri” tədbirində yaradıldı. İdeyanı irəli sürüldükdən sonra öz bacarıqları həmin ideyada görən tələbələr əsasında komanda formalaşdı. Komandanın digər üzvləri də ideyaya əlavələr etdi. Hərə bir işə baxırdı…”

Rəbiyyə Əskərova bildirir ki, bu layihə xanımların lap ürəyincə olacaq: “Yaradılacaq proqram ondan ibarət olacaq ki, yeni başlayan xanımlara düzgün makiyaj etmək öyrədəilcək. Burada xanımlar istədikləri kosmetik vasitəni heç bir yerə getmədən evlərindəcə öz üzlərinə, dərilərinə düşüb-düşmədiyini, uyğun olub-olmadığını şəkilləri proqrama təqdim etməklə sınaya biləcəklər.

Bizim bu proqramı ərsəyə gətirməmiz üçün proqramçıya ehtiyacımız var. Bu qrupu saxlamaqla layihəni daha da qabağa aparıb, ideyanı reallaşdırmaq istəyirik. Belə tanış tələbələr var ki, savadına, işinə güvənirik. Həmin işi Elsəvər öz üzərinə götürüb”.

İdeya müəllifi Nigar deyir ki, bu proqram elektron tester rolunu oynayacaq: “Ənənəvi testerlərdən fərqi gigiyenik tərəfdəndir. Kataloq kimi təkcə şəkilə baxıb seçmək yox, həmçinin üzdə yoxlamaq mümkün olacaq”.

Proqram vasitəsi ilə hər bir xanım istənilən makiyaj tonunu öz üzərində əks etdirəcək.

Həqiqət bildirir ki, heç bir əziyyət çəkmədən, əlavə vaxt itkisi omadan, mağazalara müraciət etmədən istənilən növ makiyaj barədə məlumat ala biləcək.

Hazırda Smart meykapların çoxluğunu nəzərə alsaq, bu proqramın necə uğurlu olub-olmayacağı və digər proqramlardan hansı əsaslı fərqlərinin olcağı sualına Nüranə cavab verərək bildiridi ki, bu proqram onu istifadə edən insanın şəxsi vizajisti olacaq:

“Proqram dünyada mövcud olan dəri rənglərini, piqmentlərini əks etdirəcək. Hətta göz, qaş və digər üz cizgiləri də yer alacaq. Yəni proqram sırf Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün nəzərdə tutulub. Məsələn, qarabuğdayı bir xanımın dəri rənginə uyğun gündüz makiyajı, gecə makiyajı necə olmalıdırsa, gözün formasına, rənginə, quruluşuna uyğun proqram həmin xanıma yardımçı olacaq”.

Komanda üzvləri proqramın xanımların cibinə də uyğun olacağını bildirirlər: “Bir xanım salona gedib ən azı 15-20 manat bir makiyaj üçün pul xərcləyirdisə, bu proqramla artıq özü düzgün yaraşan makiyajı edə biləcək. Düzdür, ola bilər ki, proqramın məsləhət bildiyi bir krem, rəng xanımın kosmetikası arasında olmasın. Onu da fikirləşmişik. Həmin xanım proqramın verdiyi avantaja əsasən həmin məhsulu sifariş də edə biləcək. Yəni proqram kosmetika mağazaları ilə əməkdaşlıq edəcək. Amma sıradan keyfiyyətsiz məhsul satan mağazalar deyil, xanımların cibinə uyğun və keyfiyyətli, orjinal məhsulları ilə tanınan mağazalar olacaq. İstər bu məşhur və bahalı brend olsun, istərsə də ucuz”.

Rəbiyyə deyir ki, həmin məhsulların hərəsinin öz səhifəsi olacaq:

“Xanım rahatlıqla girib, təqdim edilən markanın məhsulların baxa biləcək və onların öz üzündə sınaya biləcək”.

Nüranənin fikrincə, mağazalardakı testerləri xanımların başqalarının yanında istifadə edə bilmir:

“Bəzi insanlar testerlərdən ya iyrənir, ya da kompleksi var. Dünyada elə insanlar var ki, psixoloji təmizlik xəstəliyinə tutulub. Onlar testerlərdən nəinki istifadə edir, hətta onların adı gələndə gərgin olurlar. Ona görə bu proqram hamının işinə yarayacaq”.

Nigar düşünür ki, Yutubda fəaliyyət göstərən makiyaj kanallarında göstərilənlər xanımlara yardımçı ola bilmir:

“Çünki videonu çəkən, makiyajı edən xanımın dərisinin rəngi, üz-göz forması tamamilə fərqlidir. Xanımlar eyni məhsulları eyni dəqiqliklə istifadə etsələr də, həmin nəticəni almayacaqlar. Ona görə ki, makiyaj edən xanım hər tonu, kremi öz üzünə hesablayıb. Bu baxımdan da proqramın xüsusi üstünlüyü olacaq”.

Komanda üzvləri layihəni tanıtmaq və reallaşdırmaq üçün vəsaitə ehtiyac olduğunu bildirdilər:

“Biz istəyirik ki, “İdeya qazandı” kimi verilişlərdə layihəmizi təqdim edib, investisiya alaq və bunu reallşdıraq. Hələ ki tam tərkiblə ideyanın təkminləşdirilməsi və proqram cəhətdən yığılması ilə məşğuluq. Ümid edirik ki, tezliklə bu layihənin hazır əplikeyşn formasını ictimayətə təqdim edəcəyik. Universitetimizə təşəkkür edirik ki, bizə dəstəkdirlər”.

Biz də sonda komanda üzvlərinə uğurlar arzulayaraq, tezliklə investisiya tapmağı diləyirik.


Müəllif: Şəfiqə Nazimqızı