21 Aprel 2018 15:40
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda "Kaspi" Təhsil şirkətinin təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan təhsil körpüsü" adlı təhsil konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə səfiri Ərkan Özoral Azərbaycan müstəqillik elan etdikdən sonra Türkiyədə 125 min azərbaycanlının təhsil aldığını diqqətə çatdırıb və əlavə edib ki, hazırda qardaş ölkənin unversitetlərində 14 mindən çox azərbaycanlı oxuyur.

"Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva "Kaspi" şirkətinin bir çox ölkələrin nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri qurduğunu deyib: “Əminəm ki, Türkiyə ilə Azərbaycanın əməkdaşlığında inkişaf daha sürətlə davam edəcək. Çox istərdim, Türkiyəli universitetlər öz imtahanlarını bizim təhsil şirkətində keçirsinlər”.

Akademik Urxan Ələkbərov bildirib ki, dünyanın inkişaf edən ölkələrində liderliyi bilik və bacarıq təmin edir: “Azərbaycan Respublikası öz müstəqilliyiyni 27 il bundan əvvəl bərpa edib. İlk illərin çətin keçməsinə baxmayaraq biz böyük nəticələr əldə etmişik. Beynəlxalq statistikaya baxsaq, davamlı inkişaf, ümumidaxili məhsulun artımı və bir çox göstəricilərə görə Azərbaycan hazırda qabaqcıl dünya ölkələri sırasındadır.

Şübhəsiz, təhsil sahəsində də böyük işlər görülüb. Mən bu işdə “Kaspi” şirkətinin rolunu xüsusi qeyd etmək istəyirəm. Biz əsasən, dövlət idarəçilik sahəsində kadrlar hazırlayıq. Türkiyənin təhsil ocaqları ilə əlaqəmizd var və böyük nəticələr əldə etmişik”.

Türkiyənin Altınbaş Universitetinin təsisçisi Əlı Altınbaş bildirib ki, təmsil etdiyi ali təhsil ocağı sosial vəzifəni həyata keçirir: “Türkiyənin bu universiteti dünya universitetləri ilə yarışa biləcək səviyyədədir. Türkiyə-Azərbaycan təhsil əlaqələrinin böyük tarixi var. Qeyd edildiyi kimi, hazırda 14 min azərbaycanlı tələbə Türkiyədə təhsil alır. Türkiyənin təhsil sistemi dünya təhsil sistemi ilə rəqabət aparacaq səviyyədədir. Bu baxımdan Türkiyə universitetlərində təhsil alan tələbələr elmin bütün sahələrinə yiyələnə bilərlər”.

Əlı Altınbaş iki ölkənin təhsil əlaqələrinin təkcə bakalavriat və magistr pillələri ilə məhdudlaşmadığını bildirib: “Azərbaycanı tələbələr həmçinin Turkiyə ali məktəblərində doktorantura təhsili alır, elmi araşdırmalarla məşğul olurlar. Elmi əlaqələrimiz get-gedə genişlənir. Əminəm ki, keçirilən bu tip konfranslar ölkələrimiz arasında təhsil körpüsünü daha da möhkəmləndirəcək”.

Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, təhsil almaq, bir peşənin sahibi olmaq hər bir insan üçün vacibdir: “Müasir dünyada təhsil mühüm rol oynayır. Bizim gənclərimiz dünyanın istənilən nüfuzlu univeristetlərinə qəbul olurlar. Türkiyədə yaşayan insanların milli-mənəvi dəyərləri, dünyayabaxışı, mövqeyi bizim adət-ənənəmizə çox yaxındır. Abituriyent və məzunlara tövsiyəm odur ki, təhsil alanda elə ölkələr seçsinlər, Azərbaycana qayıdanda dövlətimizin inkişafına mühüm töhfələr versinlər”.

Millət vəkili Elman Nəsirovun sözlərinə görə, bu tədbirin təhsildə böyük rolu var: “Gənclərə bildirmək istəyirəm ki, Türkiyə dövlətində təhsil almaq üçün “Kaspi” şirkətinin yaratdığı imkandan istifadə edin. Cəmiyyətdə müəyyən yer tutmaq istəyən şəxsə təhsil almaq vacibdir. Bu nöqteyi-nəzərdən bizim Türkiyə ilə bu sahədə əməkdaşlığımızın böyük əhəmiyyəti var.

Prezident İlham Əliyev andiçmə mərasimində çıxışında söylədi ki, biz iki sahəyə böyük vəsait ayrırıq. Onlardan biri təhsil sahəsidir. Bu, təhsilə verilən diqqətin önəmini göstərir.

Təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığında “Kaspi” təhsil şirkətinin böyük payı var. Gənclər, çalışın sizə yaradılan imkanlardan maksimum istifadə edin”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov bildirib ki, “Bir millət, iki dövlət” tezisini daha da möhkəmləndirmək lazımdır: “Təhsilli vətəndaş hər bir cəmiyyət üçün böyük sərvətdir. Gənclərimizə təhsildə böyük imkanlar yaradan hər bir qurum, şirkət dövlətə böyük töhfə verir”.


Müəllif: İlhamə Əbülfət